Türkiyə I Avropa Oyunları ilə bağlı Azərbaycana dəstək verəcək

Türkiyə I Avropa Oyunları ilə bağlı Azərbaycana dəstək verəcək Akif Çağatay Kılıç: "Həmkarım Azad Rəhimovla ən yaxın müddətdə bir araya gələrək, bir çox məsələni müzakirə edəcəyik"
Avropa Oyunları
19 Noyabr , 2014 10:06
Türkiyə I Avropa Oyunları ilə bağlı Azərbaycana dəstək verəcək

Bakı. 19 noyabr. REPORT.AZ/ Türkiyə beynəlxalq yarışlarda qazandığı təcrübəni Azərbaycanla paylaşmağa və hər cür dəstək verməyə hazırdır. "Report"un məlumatına görə, bunu "Bakı-2015" I Avropa Oyunlarının İstanbulda keçirilən təqdimat mərasimində bu ölkənin gənclər və idman naziri Akif Çağatay Kılıç deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan "Bir millət, iki dövlət" şüarı ilə bir-birlərinə olan yaxınlığını dünyaya elan edən ölkələrdir: "İlk Avropa Oyunlarının Bakıda təşkilindən böyük həyəcan duyuruq. Bu oyunlara sanki Türkiyədə keçiriləcəkmiş kimi yanaşırıq. Daha öncə beynəlxalq yarışlarda topladığımız təcrübəni hər zaman Azərbaycanla paylaşmağa və qardaş ölkəyə hər cür dəstək olmağa hazırıq".

Kılıçın sözlərinə görə, prezident Rəcəp Tayyip Ərdoğan və baş nazir Ahmet Davutoğlunun seçkilərin ardından Şimali Kiprdən sonra ilk rəsmi səfəri Azərbaycana etmələri iki ölkə arasındakı yaxınlığın ən böyük göstəricisidir: "Bunlar ilk baxışdan, yalnız simvolik ziyarət sayıla bilər. Amma anlamları çox dərindir. Bir dostluq və qardaşlığın, əslində birgə, bərabər olmanın böyük nişanəsidir. Türkiyədə və keçirdiyimiz bir çox nüfuzlu yarışda hər hansı yardıma ehtiyacımız olsa, qardaş ölkəmizin, azərbaycanlı qardaşlarımızın bizə hər zaman kömək etməyə hazır olduğunu bilirik. Bunun bizə xüsusi güvənlik verdiyini vurğulamaq istəyirəm. İstanbul tarixi və iki qitəni birləşdirməsi ilə çox özəl şəhərdir. Bu toplantının Avropa və dünyaya səs gətirəcəyinə inanırıq. Biz hər zaman, hər cür dəstək olmağa hazırıq. Avropa Oyunlarının birincisinin ən yüksək səviyyədə gerçəkləşməsi və Azərbaycanda keçiriləcək Oyunların idman tarixinə uğur nişanəsi kimi düşməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik".

Türkiyəli nazir azərbaycanlı həmkarı Azad Rəhimovla ən yaxın müddətdə görüşərək bir çox məsələni müzakirə edəcəklərini əlavə edib. O bildirib ki, birgə həyata keçirmək istədikləri önəmli layihə və yatırımlar var: "Biz bir olmaqda davam edəcəyik. Allah Azərbaycana bu çətin və gözəl yolda köməyi olsun. Qoy, gələn il Bakıda təşkil olunacaq Oyunlar dünyanın idman yarışları tarixinə böyük uğur kimi yazılsın".

Qeyd edək ki, təqdimat mərasiminə Türkiyə prezidenti Recep Tayyip Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan proqramları ilə əlaqədar qatılmayıblar. Onlar göndərdikləri mesajda Bakının I Avropa Oyunlarına təşkilatçılığından məmnun olduqlarını bildiriblər. 

Son xəbərlər

Orphus sistemi