Bakı. 14 İyun. REPORT.AZ/ “Bizim üçün yaradılan belə gözəl şəraitə yalnız qızıl medal yaraşır. Bunu qızıl medalı boynumdan asan prezidentimizə də dedim”.
“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “
71 kq. çəki dərəcəsində mübarizə aparan Çunayev ötənilki Dünya çempionatında bürünc medal əldə etdikdən sonra olduğu kimi, yenə əsgəri salam verməsinin səbəbini açıqlayıb:
“Həmin vaxt 1 ayın əsgəri idim. İndi isə hərbi xidmətimin sonuna 1 ayım qalıb. Bu qələbəmi bütün əməyi olan insanlara həsr edirəm”.
Final görüşü barədə də danışan güləşçi macarıstanlı rəqibi Balint Korpasi ilə əvvəllər 4 dəfə qarşılaşdığını xatırladıb:
“Həmin görüşlərin yarısında mən, yarısında isə o qalib gəlmişdi. Korpasi ötən dəfə məni Bakıda yenmişdi. Bu qələbəm revanş oldu. Görüşə gəldikdə, ilk hissədə 4 xal qazanıb ikinci yarıda müdafiəyə çəkildim. Çünki bir qədər yorulmuşdum. Həm də bütün görüşlərimdə xallarımı əvvəlcədən alır və sonra qələbəni qorumağa çalışıram. Bu, mənim taktikamdır”.
Qarşıda Çunayevi sentyabrda ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək Dünya Çempionatı gözləyir. Amma həmin yarış 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacağından, 6 çəki dərəcəsi üzrə keçiriləcək. 71 kq isə Olimpiya çəkisi olmadığından, Avropa Oyunlarının qalibi Avropa və Dünya çempionu Həsən Əliyevlə 66 kq çəkidə Dünya çempionatına yollanmaqdan ötrü rəqabətə girəcək. Çunayev bu rəqabətdən qorxmadığını və daha aşağı çəkidə çıxış etməyə hazır olduğunu bildirib:
“Həsən Əliyevi özümə rəqib sayıram. Kimin Dünya çempionatına yollanacağını aramızdakı görüş göstərəcək”.
Qeyd edək ki, Rəsul Çunayev “Bakı 2015”də yunan-Roma güləşi üzrə ilk yarış günündə yeganə qızıl medal qazanan pəhləvan olub.