Bakı. 13 May. REPORT.AZ/ Varşavada, Yuzef Pilsudski adına İdman Akademiyasında “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın Polşadakı səfirliyindən "Report"a bildiriblər ki, tədbirdə Akademiyanın rektoru professor Andjey Mastalej, eləcə də təhsil ocağının müəllim və tələbə heyəti iştirak edib.
Səfir Həsən Həsənov tədbirdə çıxış edərək iştirakçılara ölkəmizin son illər əldə etdiyi uğurlar, müasir standartlara cavab verən turizm infrastrukturundan danışıb və Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının respublikamız üçün əhəmiyyəti haqqında məlumat verib. Diplomat bildirib ki, Azərbaycanda birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində qısa vaxtda ciddi işlər görülüb. Həsən Həsənov ölkəmizdə müasir üslubda tikilən Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı və digər müasir idman qurğularının atletləri artıq qəbul etməyə hazır olduğunu diqqətə çatdırıb. Səfir ilk Avropa Oyunlarının xalqlar arasında qardaşlığın və beynəlxalq dostluğun gücləndirilməsi baxımından çox faydalı olacağına əminliyini bildirib.
Tədbirdə birinci Avropa Oyunları ilə bağlı polyak dilində hazırlanmış açıqcalar, Azərbaycan-polyak dillərində danışıq kitabçaları paylanıb, videoçarxlar nümayiş etdirilib.
Sonra birinci Avropa Oyunlarına həsr edilən sərginin açılışı olub və Azərbaycan mətbəxinin ləziz nümunələrinin təqdim olunduğu ziyafət verilib.