Yuxarı

Patrik Hikki: "Bakıda olduqca gözəl ilk Avropa Oyunları keçiriləcək"

“Bakı-2015” idman tarixində yeni maraqlı səhifə olacaq

Bakı. 23 yanvar. REPORT.AZ/ 2019-cu ildəki Avropa Oyunlarının harada keçirilməsi ilə bağlı qərar mayadək elan olunacaq. "Report"un məlumatına görə, bu barədə Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki Davosda "Bakı-2015" I Avropa Oyunlarının təqdimat mərasimindəki çıxışında bildirib. 

O deyib ki, seçilmiş şəhər “Bakı-2015” Təşkilat Komitəsi ilə əhatəli şəkildə təcrübə mübadiləsi aparacaq: "Bu, çox dəyərlidir, çünki Bakıda ən yaxşı praktiki modellər hazırlanıb. Adətən, Olimpiya Oyunlarının keçirilməsi məqsədilə şəhərə 7 il müddət verilir. “Bakı-2015” yarışması üçün cəmi 30 ay vaxt verildi". 

P.Hikkinin sözlərinə görə, Prezident İlham Əliyevin mövqeyi Azərbaycan və Avropa Olimpiya Komitəsi üçün tarixin yazılmasında misilsizdir. İrlandiyalı funksioner ilk Avropa Oyunlarının yaddaqalan tədbir olacağına şübhə etmədiyini vurğulayıb: "Bu il Davosda keçirilən toplantının mövzusu qlobal səviyyəli məsələdir. Bu mövzu həmçinin 2015-ci ildə idmanla da bağlıdır. Avropada idmana nəinki yeni prizmadan baxılır, o cümlədən Avropa Oyunlarını keçirməklə idman hərəkatına əlavə məzmun verilir. Biz ənənəvi dəyərlərimizin qorunmasının vacibliyini vurğulayaraq eyni zamanda həmin yeni eranı da alqışlayırıq". 

Avropanın hər zaman ənənəvi Olimpiya Oyunlarının beşiyi olduğunu deyən P.Hikki 120 il ərzində digər qitələrlə müqayisədə Avropada daha çox idman yarışının keçirildiyini xatırladıb. O deyib ki, inkişaf edən dünyada vəziyyət sürətlə dəyişir: "Son 20 il ərzində 10 Yay və Qış Olimpiya Oyunları keçirilib. Onlardan yalnız 3-ü Avropada baş tutub. Növbəti 4 olimpiadadan heç biri Avropada keçirilməyəcək. Lakin bu, qlobal iqtisadi çiçəklənmənin təzahürüdür və idmanın müsbət dəyişikliklərə səbəb olduğunu nümayiş etdirir. Bu, əlbəttə ki, çox yaxşı haldır. Lakin qlobal idman hərəkatı baxımından Avropa irəliyə doğru addımlarını davam etdirməlidir". 

EOC prezidentinin sözlərinə görə, Avropa Oyunları Olimpiya Oyunlarının təkrarı olmayacaq: "Bu Oyunlar çox innovativ olacaq və adi yarışmalarda olmayan müxtəlif idman növləri ilə seçiləcək. Onların sayəsində atletlər gələcək Olimpiya Oyunları üçün nəticələri daha da yaxşılaşdıracaqlar. Sonra onlar 2016-cı ildə Rioya, 2020-ci ildə Tokioya gedəcəklər və ən yüksək idman nailiyyətlərinə daha yaxşı hazırlaşacaqlar. İdman sahəsinə gəldikdə, əvvəlcə yarışmalarda olmayan yeni idman növləri əlavə ediləcək. Məsələn, üçlük basketbol, çimərlik futbolu, karate və sair. Bakıda olduqca gözəl ilk Avropa Oyunları keçiriləcək". 

P.Hikki bildirib ki, Azərbaycan qədim tarixə malik, yüksək templə inkişaf edən, zəngin təbii sərvətləri olan, onları lazımi şəkildə idarə edən ölkədir. Onun sözlərinə görə, Azərbaycan cəmi 23 il ərzində görünməmiş tərəqqi əldə edib. Avropa Olimpiya ailəsinin bir hissəsi olmaq bu inkişafın sürətləndirilməsinə zəmin yaradıb: "Prezident İlham Əliyevin mövqeyi və uzaqgörənliyi, xüsusən də onun Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri kimi oynadığı rol sayəsində dünyanın bu guşəsində inkişaf təmin edilib. İdman Azərbaycan cəmiyyətində xüsusi yer tutur. “Bakı-2015” idman tarixində yeni maraqlı səhifə olacaq. Prezident həmçinin Bakıda keçiriləcək digər yarışları da qeyd etdi. Onun bir fikrini yüksək dəyərləndirirəm. O deyir: “Siz 2015-ci ildə Azərbaycanda Avropa Oyunlarını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını seyr edə bilərsiniz. Bunlar iki il ərzində bir ölkədə, bir şəhərdə keçiriləcək. Bu, Azərbaycanın bugünkü reallığını əks etdirir”. Bu sözlərlə mən bu çiçəklənən ölkəni sizə xatırlatmaq istərdim". 

EOC prezidenti Bakıda keçiriləcək idman tədbirlərinin təqvimini bacarıqlı yerli kadrların təşkil edəcəyini də vurğulayıb. Onun fikrincə, “Bakı-2015” Azərbaycanın yeni nəsil idman mütəxəssislərini formalaşdırmağa yardım edir. Bundan əlavə, Oyunlar Azərbaycan üçün gözəl sosial vasitə olacaq: "Ölkə əhalisinin üçdə iki hissəsinin yaşı 35-dən aşağıdır və bu cür böyük təbəqə idmanın təşviq etdiyi amallar və cəmiyyət haqqında məlumatlar alacaq. Şübhə etmirəm ki, “Bakı-2015” Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur. Bu, həmçinin Avropa üçün 4 ildən sonra növbəti oyunlara bələdçi hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər. Lakin 2019-cu ildəki Oyunlar Bakıdakı bu yarışmanın tam təkrarı olmayacaq. Avropa Olimpiya Komitəsinin məqsədi Avropa Oyunlarını bütün şəhərə uyğun təşkil etməkdir, əksinə yox".

Qeyd edək ki, 12 - 28 iyunda keçiriləcək I Avropa Oyunları 20 növ üzrə təşkil olunacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi