Bakı. 27 fevral. REPORT.AZ/ Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə "Bakı-2015" I Avropa Oyunlarına qatılacaq ölkələrin idmançılarının bütün xərclərini Azərbaycan tərəfinin ödəyəcəyinə dair yayılan məlumatlara aydınlıq gətirib.
O, "Report"a bildirib ki, bu məlumatın böyük ajiotaj doğuracağı özü üçün də gözlənilməz olub.
MOK rəsmisinin sözlərinə görə, burada qeyri-adi bir şey yoxdur: "Nəinki Avropa Oyunları, hətta 205 ölkənin qatıldığı Yay Olimpiya Oyunlarında idmançıların səfər və Olimpiya Kəndində qonaqlama xərclərini təşkilatçı ölkə çəkir. Elə bunun üçün də hər ölkəyə kvota ayrılır. Kvotalar isə qazanılan lisenziyaların sayı ilə müəyyənləşir. Hər bir ölkənin idmançıları, hər növ üzrə baş məşqçisi, federasiya prezidenti və nümayəndə heyəti rəhbərinin səfər və qonaqlama xərcləri təşkilatçı ölkənin üzərinə düşür".
Ç.Hüseynzadə bildirib ki, ölkələrin kvotadankənar nümayəndə heyəti üzvləri, o cümlədən jurnalistlərin xərclərinə təşkilatçı tərəf cavabdehlik daşımır: "Bütün bunlar olimpiadaların keçirilməsi ilə bağlı əsasnamədə açıq-aydın göstərilib. Bunları bir çox insanın hələ də bilməməsi təəccüb doğurur".
Qeyd edək ki, "Bakı-2015"ə 50 ölkədən 6000 idmançı qatılacaq. I Avropa Oyunları 12-28 iyunda keçiriləcək.