II Avropa Oyunlarına biletlərin yarısından çoxu satılıb

II Avropa Oyunlarına biletlərin yarısından çoxu satılıb “Minsk 2019” II Avropa Oyunları üçün nəzərdə tutulan biletlərin yarısından çoxu satılıb.
Avropa Oyunları
21 May , 2019 13:47
II Avropa Oyunlarına biletlərin yarısından çoxu satılıb

“Minsk 2019” II Avropa Oyunları üçün nəzərdə tutulan biletlərin yarısından çoxu satılıb.

“Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə II Avropa Oyunlarının Təşkilat Komitəsinin sədr müavini Anatoli Kotov bildirib. Onun sözlərinə görə, biletlərin 190 mindən çoxu alınıb. Daha çox karate, gimnastika, çimərlik futbolu və atletika üzrə yarışlara təlabat olub.

Biletlərin qiyməti 5 Belarus rublu və ya 2 avrodan (əcnəbi vətəndaşlar üçün), 50 rubl və ya 20 avroyadəkdir. Açılış mərasiminə biletlər yerlərin kateqoriyasından asılı olaraq, 150 - 300 rubl, bağlanış mərasiminə isə 70 - 150 rubldur.  

II Avropa Oyunlarının keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin Koordinasiya komissiyasının katibi Spiros Kapralos isə bildirib ki, yarışlar dünyanın 126 ölkəsində televiziya vasitəsi ilə yayımlanacaq: “Avropanın 43 ölkəsi yayım hüququnu əldə edib. Onlardan 7-də gün ərzində maraqlı məqamların nümayiş etdiriləcəyi proqramlar olacaq. Oyunlar Avropadan kənarda 83 ölkədə yayımlanacaq”.

S.Kapralosun sözlərinə görə, Belarusun paytaxtındakı idman obyektləri II Avropa Oyunlarını qəbul etməyə hazırdır.

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. I Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunub.

Son xəbərlər

Orphus sistemi