I Avropa Oyunları ilə bağlı Bakıya 100-ə yaxın "Təcili yardım" maşını gətiriləcək

I Avropa Oyunları ilə bağlı Bakıya 100-ə yaxın "Təcili yardım" maşını gətiriləcək Hazırlıq çərçivəsində dekabrın 1-də BŞTTTYS-nin yeni mərkəzinin açılışı nəzərdə tutulur
Avropa Oyunları
24 Noyabr , 2014 16:25
I Avropa Oyunları ilə bağlı Bakıya 100-ə yaxın Təcili yardım maşını gətiriləcək

Bakı. 24 noyabr. REPORT.AZ/ “Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) digər dövlət qurumları kimi, 2015-ci il iyunun 12-də Bakıda start götürəcək I Avropa Oyunlarına ciddi hazırlaşır. Belə ki, hazırlıq çərçivəsində dekabrın 1-də stansiyanın yeni mərkəzinin açılışı nəzərdə tutulur”. Bunu “Report”a açıqlamasında BŞTTTYS-nin baş həkimi Mürsəl Həmidov deyib.

Onun sözlərinə görə, stansiyanın bu günə qədər 21 mərkəzi fəaliyyət göstərib. 22-ci yeni mərkəz isə Vergilər Nazirliyinin inzibati binasının yanında, Ələsgər Ələkbərov küçəsi 45 ünvanında olacaq.

Baş həkim onu da əlavə edib ki, Oyunlara hazırlıq çərçivəsində həm də 100-ə yaxın yeni sanitar avtomobillərin gətirilməsi planlaşdırılır. Artıq avtomobillərin bir hissəsi paytaxta gətirilib.

I Avropa Oyunlarına görə stansiya işçiləri üçün beynəlxalq proqramlar üzrə hazırlıq kurslarının təşkil olunduğunu deyən M.Həmidov qeyd edib ki, hazırda stansiyanın tibb işçiləri xarici dil örənmək bacarıqlarını daha da təkmilləşdirməyə sövq olunub. Bu da Oyunlarda fəaliyyət göstərən işçilərə yüksək keyfiyyətdə yardım göstərməyə imkan yaradacaq.

O, həmçinin vurğulayıb ki, hazırda stansiyada 2500-ə yaxın personal, 700 nəfər isə sürücü işləyir.

Qeyd edək ki, 2015-ci il iyunun 12-də Bakıda start götürəcək I Avropa Oyunları idmanın 20 növü üzrə təşkil olunacaq. Oyunlar 17 gün davam edəcək. 

Son xəbərlər

Orphus sistemi