Yuxarı

​I Avropa Oyunları ilə əlaqədar müşavirə keçirilib - VIDEO

Nazir Kəmaləddin Heydərov Oyunlarla əlaqədar təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi üçün müvafiq tapşırıqlarını verib

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsində Birinci Avropa Oyunları ilə əlaqədar nazirlik tərəfindən yaradılmış Əməliyyat Qərargahında müşavirə keçirilib.

"Report"un FHN-ə istinadən verdiyi məlumata görə, müşavirədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, “Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və Təhlükəsizlik Departamentinin direktoru Piter Aşvin iştirak edib.

Müşavirədə Əməliyyat Qərargahının rəhbəri, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin I Avropa Oyunları ilə bağlı aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi sahəsində nazirliyin gördüyü işlər barədə geniş məruzəsi dinlənilib.

Məruzənin təqdimatı zamanı Avropa Oyunlarının keçiriləcəyi idman obyektləri, habelə Atletlər Kəndi ilə birbaşa telekörpü təşkil olunub, hər bir obyekt üzrə yaradılmış qərargah rəhbərləri görülmüş işlərlə bağlı məruzələr ediblər.

Sonra nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi polkovnik Adil Abdullayev Fövqəladə Hallar Nazirliyində yaradılmış Əməliyyat Qərargahının fəaliyyətinin müasir səviyyədə qurulması, nazirliyin qüvvə və vasitələrinin effektli idarə edilməsi məqsədilə informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilmiş ən son yenilikləri barədə məruzə edib.

Nazir Kəmaləddin Heydərov I Avropa Oyunları ilə əlaqədar təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi üçün müvafiq tapşırıqlarını verib.

Sonda çıxış edən “Bakı-2015” Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq I Avropa Oyunları ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi sahəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib və bununla bağlı öz təşəkkürünü bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi