“Beynimdə yalnız qələbə qazanmaq arsuzu hakim idi. Lakin belə asanlıqla qalib gələcəyimi gözləmirdim. Rəqibim tanınmış cüdoçu, olimpiya çempionudur. Görüşə çıxan kimi təmiz qələbə qazandım”.
“Report”un Belarus paytaxtına ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikirləri “Minsk 2019” II Avropa Oyunlarında 73 kq çəki dərəcəsində bürünc medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.
İyirmi iki yaşlı idmançı bildirib ki, gürcüstanlı Laşa Şavdatuaşvili ilə görüş zamanı 51 saniyəyə ipponun baş verəcəyini gözləməyib: “Bu, mənim fəndim deyildi, çünki özüm daha çox aşağı nahiyədən ipponu sevirəm. Sadəcə həmin anı tuta bildim”.
Heydərov II Avropa Oyunlarında cüdo növündə ilk medalı əldə etməsinə sevindiyini də vurğulayıb: “Buna da şükür”.