“Bakıda keçirilən I Avropa Oyunlarında bürünc medal götürmüşdüm. Bütün idmançılar kimi Minskə qızıl üçün getmişdim. Neçə illərdir çəkdiyim əziyyətlər öz bəhrəsini göstərir”.
Bunları “Report”a “Minsk 2019” II Avropa Oyunlarında qızıl medal qazanan sərbəst güləşçi Hacı Əliyev söyləyib.
65 kq çəkidə çıxış edən 28 yaşlı pəhləvan Belarusda iki erməni idmançısına qalib gəldiyi xatırladıb: “Onlardan biri Ermənistanı, digəri Ukraynanı təmsil edirdi. Onları məğlub etdiyim üçün sevinirəm. Finalda isə gürcüstanlı olimpiya çempionu Vladimir Xinçeqaşvilini üstələdim. Sentyabrda bizi Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunacaq 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı gözləyirəm. Olimpiada da qızıl medal qazanmağa çalışacağam. Olimpiya qızılının kolleksiyama gəlməsi gözəl olar. Dünya çempionluqlarımın sayını da artırmağa çalışacağam. Qızıl medal qazananda daha da güclənirəm, həzz alıram. Himnimizi səsləndirməkdən qürur duyuram. Rəqiblər güclənir. Yeni idmançılar üzə çıxır və həmin gəncləri tanımaqda çətinlik çəkirəm. Buna rəğmən, onları öz üslubuma çəkməyə çalışıram”.
Xinçeqaşviliyə daha öncə 3 dəfə məğlub olduğunu vurğulayan Əliyev, bu dəfə fərqli taktika seçdiyini deyib: “Ancaq hər dəfə başabaş güləşmişik. Bu dəfə özümdə güc hiss etdim. Ona uduzandan sonra 3-cü dəfə dünya çempionu olmuşdum və özümə inam vardı. Düzgün taktika qurdum, çalışdım rəqib hərəkət etməsin. Bu dəfə ona istədiyi kimi hərəkət etməyə icazə vermədim. İyunun 3-də komandamız İstanbula yollanır. 10 gündən sonra orada turnir olacaq. İyun 17-dən təlim-məşq toplanışımız olacaq. Olimpiadaya lisenziya alana qədər bizə istirahət yoxdur”.
Qeyd edək ki, Əliyev üçqat dünya və Avropa çempionudur. O, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.