Bakı. 19 İyun. REPORT.AZ/ "Artıq 4-cü dəfədir ki, rusiyalı idmançıya məğlub oluram. Yəqin ki, bu mənim səhvimdən baş verir. Hər dəfə eyni səhvi edirəm və onu heç cür düzəldə bilmirəm. Bundan sonrakı mübarizələrdə onu yenmək üçün səy göstərəcəyəm".
"Report" xəbər verir ki, bu sözləri "Bakı-2015" I Avropa Oyunlarında taekvondo üzrə yarışların final görüşündə (67 kq. çəkidə) rusiyalı Anastasiya Barişnikovaya 5:6 hesabı ilə məğlub olan Azərbaycan təmsilçisi Fəridə Əzizova bildirib.
O, sona qədər dəstək göstərdiklərinə görə azarkeşlərə minnətdarlıq edib:
"İlk olaraq Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm ki, sona qədər mənə dəstək oldular və inandılar. Təəssüflər olsun ki, Azərbaycanın hesabına bir qızıl medal yazdıra bilmədim və buna görə Azərbaycan xalqından üzr istəyirəm".