​Fərid Qayıbov: "I Avropa Oyunlarını ölkəmizin idman tarixi üçün böyük nailiyyət və uğur hesab etmək olar"

​Fərid Qayıbov: "I Avropa Oyunlarını ölkəmizin idman tarixi üçün böyük nailiyyət və uğur hesab etmək olar" Azərbaycan Gimnastika Federasiyası "Bakı-2015"də 6 növün hamısında maksimum idmançı ilə təmsil olunacaq
Avropa Oyunları
6 Fevral , 2015 13:11
​Fərid Qayıbov: I Avropa Oyunlarını ölkəmizin idman tarixi üçün böyük nailiyyət və uğur hesab etmək olar

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun "Report"a müsahibəsi

- I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı fikirlərinizi bildirərdiniz...

- Mən də hər bir azərbaycanlı kimi fəxr edirəm ki, I Avropa Oyunları bizim ölkədə keçiriləcək. Bu hadisəni ölkəmizin idman tarixi üçün böyük nailiyyət və uğur hesab etmək olar. Avropa Oyunları Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən keçirilir. Xatırlayırsınızsa, ölkəmiz Olimpiya oyunlarına da namizədliyini irəli sürmüşdür.Ümid edirik ki, Bakıda Olimpiya oyunlarını da keçirəcəyik. Vəyaxın zamanda təşkil olunacaq Avropa Oyunlarının,Bakıda olimpiadanın keçirilməsi üçün böyük bir addım olacağını hesab etmək olar.

- I Avropa Oyunları kimi böyük bir yarışı keçirmək çətinlik yaratmayacaq?

- Bildiyiniz kimi, 2002-ci ilin sonlarında Mehriban xanımƏliyeva federasiyanın prezidenti oldu. Məhz həmin dövrdən başlayaraq gimnastika sahəsindəmühüm inkişaf getdi.2005-ci ildə bizim federasiyamız tərəfindən yarış təşkil olunmuşdu. Biz ilk dəfə olaraq bədii gimnastika üzrə Dünya çempionatı keçirirdik. Qeyd edim ki, bu çempionat Azərbaycanda keçirilən və olimpiya idman növlərinə daxil olan ilk Dünya çempionatı idi. Daha dəqiq desəm, Azərbaycanda ilk Dünya çempionatını federasiyamız təşkil etmişdir və bu da bədii gimnastika üzrə olmuşdur. Ondan əvvəl bu yarışa hazırlıq məqsədilə 2003, 2004 və 2005-ci ilin əvvəllərində 3 dəfə Dünya Kubokunun mərhələ yarışlarını Azərbaycanda keçirmişik. Bu da dünya çempionatına ciddi hazırlıq idi. Bu yarışların keçirilməsi Azərbaycanda gimnastika idmanının populyarlaşmasında böyük rol oynayıb. Bu da bizim inkişaf planının bir mərhələsi idi. Daha sonra, 2007, 2009 və 2014-cu ildə Bakıda Avropa çempionatı keçirmişik. Qeyd edim ki, Azərbaycan bədii gimnastika üzrə Avropa çempionatını 3 dəfə keçirmiş yeganə ölkədir. Ötən il təşkil etdiyimiz Avropa Çempionatı Milli Gimnastika Arenasında baş tutdu və yarışların yüksək səviyyədə keçdiyini xarici mütəxəssislər də vurğuladılar. Biz də bununla ancaq fəxr edə bilərik. Bu,Azərbaycanda gimnastika üzrə irimiqyaslı yarışların keçirilə biləcəyiningöstəricisidir.

- Qarşıda hansı yarışlar var?

- Martın ilk həftəsində gimnastikanın 6 növü üzrə Azərbaycan çempionatı keçiriləcək. Bu yarışın adı Açıq Azərbaycan çempionatıdır. Həmin çempionat Avropa Oyunlarına test yarışı xarakteri daşıyır. Formatı AvropaOyunlarınagörə seçilmiş belə bir yarış ilk dəfədir ki, təşkil olunur. Qeydedimki,Avropa Oyunlarının yarışları daeyni formatda keçiriləcək.

- Gimnastika federasiyası Avropa Oyunları üçün hazırlığın hansı mərhələsindədir?

- Bu oyunlarla Təşkilat Komitəsi məşğul olur. Bizə müraciət olunduğu zaman köməklik etməyə çalışırıq. Ötən il federasiya tərəfindən bizim üçün yeni olan 3 gimnastika bölməsi yaradıldı. Bunlar aerobika, qadın idman gimnastikası və batut idman növləridir. Qeyd edim ki, hər 3 gimnastika növü Avropa Oyunlarının proqramına daxil edilib. Bu idman növlərinin inkişafı istiqamətində biz xarici mütəxəssislərlə əməkdaşlıq edirik. Ümumiyyətlə, gimnastikanın əksəriyyət növlərində də xarici mütəxəssislər çalışırlar. Çünki son 12 il ərzində gimnastika inkişaf etməyə başlayıb. Artıq müəyyən nəticələr əldə edilib.Yeni gimnastika növlərinə gəldikdə isə, artıq kiçik yarışlar təşkil etmişik. Ötən il ilk dəfə qadın idman gimnastikası üzrə yarışlar keçirtdik. Fevralın 7-də isə aerobika gimnastikası üzrə ilk yarışlarımız olacaq. Bu ilhəmçinin, batut gimnastikası üzrə yarış keçirməyi planlaşdırırıq və bu yarış həmin idman növü üzrə ilk yerli yarışımız olacaq. Təbii ki, çətindir. Hazırda bu bölmələr yalnız Bakıda fəaliyyət göstərir. Ancaq gələcəkdə bu idman növünü bölgələrdə də inkişaf etdirmək planı var. Bədii gimnastika üzrə bir neçə şəhər və rayonlarımızda bölmələr fəaliyyət göstərir. Artıq ötən ilin sonunda biz Bölgələrarası Kubok keçirdik. Qeyd edim ki, bu yeniliklər son illər ərzində, daha dəqiq son 3 ildə həyata keçirilir. Regionlardan gələn idmançıların Bakı gimnastları ilə rəqabət aparması əlbətdə çətin idi. Biz də buna görə, Azərbaycan birinciliyi yarışını paytaxtla yanaşı, regionlarla da keçirdik. Bölgələrarası Kubok yarışlarında Bakı idmançıları yox idi. Çox gözəl yarış keçdi və bu idmançılara böyük stimul oldu.

- Avropa Oyunlarında Azərbaycan hər növ üzrə neçə gimnastla təmsil olunacaq?

- Qeyd edim ki, 6 idman növündə biz maksimum idmançı ilə təmsil olunacağıq. Çünki Azərbaycan təşkilatçı ölkədir. Bədii gimnastika üzrə 2 idmançı şəxsi mübarizədə çıxış edəcək. Bununla yanaşı 6 gimnastdan ibarətqrup hərəkətləri komandası iştirak edəcək. Ümumilikdə bədii gimnastikada 8 idmançımız olacaq. Qadın və kişi idman gimnastikasını bəzən bir idman növü kimi hesab edirlər. Amma Beynəlxalq Gimnastika Federasiyası və Avropa Gimnastika İttifaqlarında bu idman növü ayrı qeyd olunur. Onların texniki komitələri də ayrıdır. Bizdə də hər 2 idman növünün öz məşqçiləri var. Hətta kişi idman gimnastikasının hakimləri qadın yarışlarında hakimlik edə bilməz. Burada hər iki idman növündə 3 idmançı olacaq. Batut gimnastikasında 2 qız və 2 oğlan çıxış edəcək. Aerobikada gimnastikasında baş məşqçi tərəfindən seçiləcək6 gimnast olacaq. Akrobatika yarışlarında qarışıq cütlük və 3 qızdan ibarət qadın qrupu iştirak edəcək.

- Ümumilikdə 29 gimnast Azərbaycanı təmsil edəcək. Neçə idmançıdan medal gözləyirsiniz?

- Aerobikagimnastikası bizə yeni olduğu üçün əlbətdə finallara düşmək böyük bir nəticəola bilər. Burada medallar uğrunda mübarizədən danışmaq bizim üçün çətindir. Ümidsiz baxmıram, lakin real olmaq lazımdır. Məsələn, futbol üzrə Azərbaycan milli komandasının Dünya və ya Avropa çempionatında final mərhələsinə vəsiqə qazanmaları da qeyri - realdır.Aerobika üzrə gimnastlarımız medallar uğrunda mübarizə aparmağa hazır deyillər. Digər idman növlərində medallar uğrunda mübarizə apara bilərik. Bizim idman növlərində ən qabaqcıl olanı bədii gimnastikadır. Burada həm şəxsi, həm də qrup yarışlarında medallar gözləmək olar. Qrup hərəkətləri komandamız ötən il keçirilən Avropa çempionatında gümüş medal qazandı. Buna görə də onların bu uğuru Avropa Oyunlarında da təkrarlayacaqlarına ümidimiz var. Əlbətdə Avropa Oyunları daha güclü yarışıdır. Çətin də olsa, onların bizi sevindirəcəyinə inanırıq. Şəxsi mübarizədə də bizim 2 idmançımız olacaq. Onlardan biri finallarda medal uğrunda mübarizə apara bilər. Kişi və qadın idman gimnastikasında da idmançılarımız medal qazana bilər. Batutun da yeni növ olmasına baxmayaraq, idmançılarımız səylə hazırlaşır. Burada şəxsi və sinxron yarışlarda mübarizə gedəcək. Sinxron hərəkətlərdəbatut üzərində iki idmançı bir yerdə çıxış edir. Hesab edirəm ki, oğlanların sinxron yarışında medal qazanmaq şansımız var. Akrobatikaya gəldikdə isə həm qarışıq, həm də qadın qrupu medallar uğrunda mübarizə apara biləcək. Düşünürəm ki, orada bütün idmançılarımızın şansı var. Ancaq dəqiq idmançı adları çəkə bilməyəcəm. Çünki yarışda hansı idmançıların iştirak edəcəyinə məşqçilər qərar verəcək. Üstəlik doğma divarlar arasında olma amili də böyük rol oynayır. İnanıram ki, azarkeşlərimiz bizə dəstək olacaq və ölkəmizi lazımi səviyyədə təmsil edəcəyik.

- Ən azı neçə medalı gimnastika üçün uğur hesab etmək olar?

- Hər bir medalı uğur saymaq olar. Əsas olan idmançılarımızın ölkəni lazım olan səviyyədə təmsil etməsidir. Bu idmandır və heç kim sığortalanmayıb. Bu sualın dəqiq cavabını verə bilməyəcəm. Çalışırıq ki, hər bir idmançımız yaxşı çıxış etsin. Gimnastlar üçün hər bir şərait yaradılıb və belə bir arena dünyanın heç bir yerində yoxdur. Onlar üçün yaradılmış şəraitin qarşısında idmançılarımız da çalışır ki, nəticə əldə etsin. Heç bir sahədə çətinlik çəkmirik. 3 idman növü bizdə tamamilə yeni olduğu üçün idmançıların təcrübəsi azdır. Əlbətdə, cəmi 1 ildir fəaliyyətə başlayan idman növündən medal gözləmək düzgün olmazdı. Hazırda yalnız onu deyə bilərəm ki, hamımız ölkəmizi layiqincə təmsil etmək, uğur qazanmaq üçün çalışırıq.

- Qeyd etdiniz ki, 3 idman növü yeni olduğundan idmançıların böyük təcrübəsi yoxdur. Həmin növlərdə legioner gimnastlarla çıxış etmək fikriniz var?

- Bəli, yeni idman növlərində legionerlər olacaq. Lakin, legionerlərlə yanaşı batut növündə bir azərbaycanlı gimnastın da olması nəzərdə tutulub. Aerobika gimnastikasında gələcək yarışlar üçün idmançılar hazırlanır, lakin 1 il ərzində heç bir idman növündə idmançı yetişdirmək mümkün deyil. 5-6 yaşından uşaqlar bölməyə yazılırsa, onların böyüklər arasında çıxış etməsi üçün ən azı 10 il vaxt lazımdır. Artıq legioner idmançılar dəvət etmişik və onlar burada məşqlərini davam etdirirlər. Balaca gimnastlarımız da onlara baxaraq, təcrübəyə toplayırlar.

Son xəbərlər

Orphus sistemi