Çilidə "Bakı 2015"in təqdimatı keçirilib

Çilidə "Bakı 2015"in təqdimatı keçirilib Namiq Əliyev: "İnanırıq ki, 17 gün ərzində idman dünyasının nəbzi məhz Bakıda döyünəcək"
Avropa Oyunları
24 Aprel , 2015 09:52
Çilidə Bakı 2015in təqdimatı keçirilib

Bakı. 24 aprel. REPORT.AZ/ Çilinin paytaxtı Santyaqo şəhərində keçiriləcək güləş üzrə Panamerika çempionatından öncə Dünya Güləş Birliyi (UWW) Amerika Şurasının növbəti Konqresi keçirilib. "Report"un məlumatına görə, tədbirdə AGF-nin I vitse-prezidenti, UWW İdarə Heyətinin üzvü Namiq Əliyev və baş katib Əjdər Cəfərov da iştirak edib.

Şuraya üzv ölkə federasiyalarının rəhbərləri ilə yanaşı, UWW İdarə Heyəti üzvlərinin də qatıldığı Konqresdə qurumun Amerika Şurasının prezidenti Fransisko Eduardo Lee Lopez tarixdə ilk dəfə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına xüsusi yer ayırıb. O, Azərbaycanın "Bakı 2015"ə hazırlıq işlərini yüksək qiymətləndirib.

N.Əliyev isə Konqresdə geniş təqdimatla çıxış edib. Azərbaycanın Avropa Oyunlarına hazırlığından bəhs edən video və fotoslayd nümayiş etdirildikdən sonra AGF rəsmisi qısa müddət ərzində Oyunlara hazırlıqla bağlı görülmüş işlər barədə Konqres iştirakçılarına məlumat verib. O, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin hazırlıq prosesini daim diqqət mərkəzində saxladığını bildirib. AGF rəsmisi qeyd edib ki, Oyunların Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Bakı-2015-in nəinki Avropanın, eləcə də bütün dünya idmansevərlərinin unudulmaz bayramına çevrilməsi üçün çoxlu sayda yerli və xarici mütəxəssis yüksək əzmkarlıqla çalışır: “Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda hər il xeyli beynəlxalq yarış təşkil olunur. Biz inanırıq ki, startına 50 gündən az vaxt qalan və ilk dəfə keçiriləcək Avropa Oyunları da dünya idmanı tarixində öz layiqli yerini tutacaq. Azərbaycan dünya miqyaslı idman və digər tədbirlərin təşkili sahəsində zəngin təcrübəyə malikdir. Qazanılmış bu təcrübə I Avropa Oyunları zamanı bütün dünya ictimaiyyətinin diqqətini Azərbaycana, onun paytaxtı Bakıya cəlb edəcək və 17 gün ərzində idman dünyasının nəbzi məhz Bakıda döyünəcək. 20 idman növü üzrə yarışların baş tutacağı Oyunlarda güləş bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki bu, bizim milli idman növümüzdür. Ölkəmizdə güləşin dərin tarixi kökləri vardır”.

Daha sonra Konqres iştirakçılarına Azərbaycan Güləş Federasiyası tərəfindən ziyafət verilib.

Qeyd edək ki, “Bakı 2015”in proqramına güləşin hər 3 növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13 - 18 iyunda keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. 

Son xəbərlər

Orphus sistemi