Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi britaniyalı taekvondo idmançısı Ceyd Consun bu yay keçiriləcək birinci Avropa Oyunlarının beynəlxalq idman elçisi olacağını elan edib.
"Report" xəbər verir ki, Ceyd Cons 2012-ci il London Olimpiya Oyunlarında 57 kiloqram çəki dərəcəsində Böyük Britaniyanın taekvondo üzrə qızıl medal qazanmış ilk idmançısı olub.
O, həmçinin, 2011-ci ildə Cənubi Koreyanın Cyoncu şəhərində keçirilən taekvondo üzrə Dünya çempionatında gümüş medal qazanıb. Digər bir gümüş medala isə ötən ilin may ayında Bakıda keçirilən 2014-cü il taekvondo üzrə Avropa çempionatında layiq görülüb.
Bakı 2015-in beynəlxalq idman elçiləri öz idman növlərini təmsil edəcək və ilk Avropa Oyunlarını təbliğ etmək üçün bütün qitədə və sosial mediada həyata keçirilən geniş marketinq kampaniyalarında iştirak edəcəklər.
21 yaşlı Ceyd Cons söyləyib:
“Bakı-2015 Avropa Oyunlarının idman elçisi adına layiq görüldüyümə görə çox şadam. Avropa Oyunlarını təbliğ etmək mənim üçün böyük şərəf olacaq. Avropanın çoxnövlü idman yarışlarının keçirilməsi avropalı idmançılar üçün çox vacibdir və mənim məqsədim taekvondo üzrə birinci Avropa Oyunları çempionu olmaqdır”.