Bakı. 8 dekabr.REPORT.AZ/ Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) prezidenti Brayan Kukson Azərbaycana gələcək. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti Sahib Ələkbərovla Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş görüş zamanı razılıq əldə olunub.
S.Ələkbərov UCİ prezidentini "Bakı-2015" I Avropa Oyunlarını izləməyə dəvət edib. Dəvət üçün minnətdarlığını bildirən B.Kukson tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarını izləməkdən məmnun olacağını söyləyib.
Görüş zamanı AVİF rəsmisi Azərbaycanda son illər velosiped idmanının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. S.Ələkbərov artıq Azərbaycanda dağ velosiped idmanı parkının tikintisinin başa çatdığını, BMX stadionunun inşasının isə yekunlaşmaq üzrə olduğunu bildirərək, prezident İlham Əliyevin göstərişi ilə gələn il Bakıda dünya standartlarına tam cavab verən qapalı Velodromun tikintisinə başlanılmasının da nəzərdə tutulduğunu deyib. Federasiya rəsmisi "Bakı-2015"in proqramına daxil edilmiş velosiped yarışlarına hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğunu da vurğulayıb. Öz növbəsində B.Kukson AVİF-in son illər aktivliyi ilə seçildiyini vurğulayaraq, velosiped idmanının inkişafı üçün ölkəmizə hər cür dəstək göstərməyə hazır olduğunu söyləyib.
Qeyd edək ki, görüş velosiped idmanının trek növü üzrə Dünya Kubokunun II mərhələsi çərçivəsində gerçəkləşib. Həmin yarışda Azərbaycan 3 velosipedçi ilə təmsil olunub. Onlardan heç biri medal qazanmasa da, reytinqlərini yüksəltmələri sayəsində 2015-ci ilin fevralında Fransada keçiriləcək dünya çempionatında iştirak hüququ qazanıblar.