Bakı. 28 noyabr. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Avropa Komissiyasının “Erasmus+” proqramının dəstəyi ilə həyata keçirdiyi beynəlxalq təlim kursunun iştirakçıları Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin və 3 saylı “ASAN Xidmət “Mərkəzinin iş prinsipi ilə tanış olublar. Bu barədə "Report"a GTM-in mətbuat xidmətindən məlumat verilib.
Tanışlıq səfəri zamanı gənclərə “ASAN Xidmət” mərkəzinin xidmət sahələri, dövlət qulluğunda mobilliyin və şəffaflığın təmin edilməsi, dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və müasir üsullarla təqdimatı, vətəndaş məmnunluğuna nail olunması istiqamətində atılan addımlar haqqında məlumat verilib. Daha sonra Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsini ziyarət edən qonaqlara “BAOƏK” fəaliyyət sahələri, idman yarışlarının cədvəli və keçirilmə yerləri, ilk Avropa oyunları zamanı planlaşdırılmasında müfəssəl detallar nümayiş etdirilib.
Qeyd edək ki, İtaliya, Macarıstan, Çexiya, Estoniya, Rumıniya, Portuqaliya, Ukrayna, Gürcüstan və Azərbaycanı təmsil edən gənclərin iştirakı ilə keçirilən kursun əsas mövzusu ictimaiyyətlə əlaqələrin qurulması və PR fəaliyyətidir.