Berlində I Avropa Oyunlarına həsr olunmuş “Azərbaycan – İdman foto obyektivdə” adlı sərgi açılıb
Bakı. 23 may. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlindəki tarixi “Kunztschule” qallereyasında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniya Nümayəndiliyinin təşkilatçılığı ilə “Azərbaycan – İdman fotoobyektivdə” (ASİF) sərgisinin açılış mərasimi keçirilib. TEAS-ın məlumat xidmətindən "Report"a verilən məlumata görə, tədbir idman həmrəyliyinə və "
65 fotoşəkildən ibarət sərgi daha öncə London, Nitsa və Masstrixt kimi Avropa şəhərlərində nümayiş etdirilib. 250-dən çox qonağın qatıldığı sərgidə Almaniyanın ictimai-siyasi xadimləri, parlamentarilər, incəsənət xadimləri, media təmsilçiləri, Azərbaycan diasporasının fəalları, həmçinin Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov da iştirak edib.
Tədbirin açılış mərasimində çıxış edən TEAS-ın Almaniya Nümayəndəliyinin rəhbəri Şahin Nemati-Nasab bildirib ki, "Bakı 2015" Azərbaycanın idman həyatında tarixi hadisə olacaq. Azərbaycan kimi gənc və dinamik inkişaf edən ölkə üçün bu səviyyədə mötəbər idman yarışını təşkil etmək böyük bir fürsətdir. Natiqin sözlərinə görə, Bakının Oyunlara ev sahibliyi etməsi Azərbaycanın ümumbəşəri dəyərlərə sadiqliyini nümayiş etdirir.
Tanınmış almaniyalı fotoqraf və ASİF foto müsabiqəsinin münsiflər heyətinin üzvü Filip Ratmer Avropada keçirilən bu sərgilərlə bağlı öz təəssüratını bölüşüb. O, qeyd edib ki, “Azərbaycan – İdman fotoobyektivdə” müsabiqəsinin təşkili və eyniadlı sərginin Avropanın müxtəlif şəhərlərində keçirilməsi avropalılara Azərbaycanın idman irsi ilə tanış olmağa gözəl şərait yaradır: "Bu sərgi ilə tanışlıqdan sonra bir daha əmin olursan ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Bu ölkənin qədim, zəngin tarix və mədəniyyəti kimi, zəngin idman ənənələri vardır. Əminəm ki, I Avropa Oyunlarının Bakıda yüksək səviyyədə keçirilməsi Azərbaycanın dünyada tanıdılmasına töhfə verəcək.
Qeyd edək ki, 2014-cü ilin avqustundan start götürmüş “Azərbaycan – İdman foto obyektivdə” adlı fotomüsabiqənin nəticələri həmin il dekabrın əvvəlində elan olunub. Müsabiqənin mövzusu "Bakı 2015" I Avropa Oyunlarına həsr olunub. Müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi və Avropa Oyunlarının məzmunu kimi mövzuları əhatə edib. Beləlilklə, I yeri azərbaycanlı idman fotoqrafı Dilavər Nəcəfovun “Şöhrətə Doğru”, II yeri fransalı fotoqraf və videoqraf Pol Robionun “İpanema – Rio-de-Janeyro”, III yeri isə azərbaycanlı həvəskar fotoqraf Rüfət Abasın “Yekun Təlimat” adlı fotoşəkilləri tutub. Münsiflər Heyətinin tərkibinə tanınmış amerikalı fotojurnalist, “VII Foto” Agentliyinin təsisçilərindən biri və 2011-ci ildə “World Press Photo” müsabiqəsinin qalibi Ed Kaşi, Maykl Cekson, Ledi Qaqa və Sofi Loren kimi məşhurların foto portretlərinin müəllifi kimi ad çıxaran almaniyalı fotoqraf Filip Ratmer və bir çox beynəlxalq mükafatların laureatı, azərbaycanlı fotoqraf Əğdes Bağırzadə daxil olub.