Bakı. 2 May. REPORT.AZ/ İyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunlarının biletlərinin satışını təbliğ etmək məqsədilə Bakının məşhur çəhrayı taksiləri yenidən dizayn olunub.
"Report" xəbər verir ki, beynəlxalq aləmdə Bakının rəmzlərindən biri kimi tanınan 250-dən çox “London taksi”sini qarşıdakı həftələrdə şəhərin hər bir yerində görə biləcəyik. Azərbaycan tarixinin ən böyük idman tədbirinə hazırlıqların davam etdirdiyi bir vaxtda bu taksilər “Bakı-2015”ə diqqəti bir qədər də artıracaq.
Yeni dizayn olunmuş taksilər haqqında danışan “Bakı-2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: London üslublu bu taksilər Bakının rəmzlərindən birinə çevrilib və onların iyunun 12-də start götürəcək Avropa Oyunlarının təbliğində iştirakına yalnız məmnun ola bilərik. Bilet satışının indiyədək olan vəziyyətindən də məmnunuq. Oyunları izləmək və Azərbaycan komandasını dəstəkləmək üçün xeyli sayda insanı tribunalarda görmək perspektivi bizi xüsusilə sevindirir.