Bakı. 4 mart. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında uşaqlar və yaşı 16-dan az olan yeniyetmələr üçün əksər yarışlara biletlər pulsuz olacaq. "Report"un məlumatına görə, bu barədə Avropa Oyunlarına 100 gün qalması münasibətilə təşkil olunan mətbuat konfransında açıqlama verilib.
Bildirilib ki, biletlər böyüklər üçün münasib qiymətə satılacaq. Qiymət aralığı yarışın raundu (ilk və ya final), oturacaq kateqoriyası və yarış məkanından asılı olaraq 2-5 manat təşkil edəcək. Şəxsiyyəti təsdiq edən sənədləri olan böyüklərin (18 yaş və ondan yuxarı) himayəsində etibarlı biletləri olan uşaqlar və yaşları 16-dan az olan yeniyetmələr əksər yarış məkanlarına pulsuz giriş əldə edəcəklər. Lakin Heydər Əliyev adına İdman Arenasında və Milli Gimnastika Arenasında keçiriləcək yarışlar istisna təşkil edəcək. Burada 16 yaşdan kiçik şəxslər üçün biletlər 1 manata olacaq.
Açılış və bağlanış mərasimlərində bütün yaş qruplarından olan tamaşaçılar üçün bilet qiymətləri fərqli və əlverişli olacaq. Açılış mərasimi üçün biletin qiyməti 20 manatdan və bağlanış mərasimi üçün 10 manatdan başlanır.