Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün Heydər Əliyev adına İdman Arenasında "Alov Qoruyanlar"ın oriyentasiya həsr olunmuş tədbir keçirilib.
"Report"un məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BAOƏK) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev iştirak edib.
Nazir A.Rəhimov könüllülərin şərəfli və məsuliyyətli iş gördüklərini deyərək, ilk dəfə olaraq bu cür tədbirin keçirildiyini söyləyib. "Azərbaycanın gələciyini düşünən, onun tarixinə hörmət edən, tədbirlərin keçirilməsi üçün kömək edən, xalqla birgə olan gənclərimiz var və onlar bu salonda əyləşib. 2012-ci ilin dekabrında Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında çox vacib qərar qəbul olunub. Qərarda ilk Avropa Oyunlarının Bakıda keçirilməsi bildirilib. Komitənin 49 ölkəsi arasında 39 ölkə Azərbaycanın lehinə səs verib. Bundan sonra Oyunlara hazırlıq işləri başlanıb".
I Avropa Oyunlarına hazırlığın yalnız idman qurğularının tikintisi ilə yekunlaşmadığını vurğulayan gənclər və idman naziri həmin komplekslərin 98%-nin hazır olduğunu bildirib. Onun sözlərinə görə, yarışların keçiriləcəyi idman obyektləri fevralın axırı, martın əvvəllərində təhvil veriləcək: "Bundan sonra məşqlər, sınaq yarışları keçiriləcək. Görürsünüz ki, Avropa Oyunları şəhərin simasını dəyişib. Yeni avtobuslar, taksilər alınıb. Avtobus sürənləri nə qədər tənqid etmişik və narazılığımızı bildirmişik. Bundan sonra onlara təlimlər keçmişik. Yolllar, köhnə binaların fasadları düzəldilir. Hava limanının yeni terminalı istifadəyə verilib. Hazırda tədbirin keçirildiyi kompleks 1980-ci ildə tikilib. İndi isə Heydər Əliyev adına İdman Arenasının hazırkı durumu göz qabağındadır. Burada müxtəlif beynəlxalq yarışlar keçirmək olar. İstərdik ki, bu Oyunlar Azərbaycanı bütün dünyaya tanıtsın. Avropanın 33 ölkəsi ilə yayım sazişi imzalanıb. Yəni 33 ölkənin televiziya kanalında 150 milyona qədər Avropa sakini bu oyunları izləyəcək. Amerika, Kanada yaxın və uzaq şərq ölkələri Bakını tanıyacaq. Bizim gözəl açılış mərasimimiz olacaq. Bu mərasim Olimpiya oyunlarında olan təşkilatçılıqdan heç də geri qalmayacaq. Həm də bağlanış mərasimi mükəmməl olacaq ki, bunun üçün də xüsusi ulduzlar dəvət olunacaq.
Nazirin çıxışından sonra tədbirin gedişatında iştirakçılar selfie çəkdirib. Bundan sonra könüllülərin yeni uniformasının təqdimatı olub.
Daha sonra çıxış edən BAOƏK-in əməliyyatlar üzrə baş direktoru S.Kleq "Alov Qoruyanlar"ın I Avropa Oyunlarını xüsusi edən amillərdən olduğunu deyib: "Bu gün onların həyəcanını görmək çox sevindiricidir. Əminəm ki, könüllülərimizin bu həyəcanı Oyunlar zamanı da davam edəcək və onlar öz uniformalarını qürurla geyinəcəklər. "Bakı-2015"in simaları kimi onların rolu bu tədbirin uğurlu keçməsi üçün olduqca vacibdir".