Bakı. 16 İyun. REPORT.AZ/ Avropa Oyunlarının start götürdüyü üç gün ərzində "Bakı-2015"in rəsmi mağazalarında Oyunların rəmzlərini özündə əks etdirən 400 min manatdan çox məbləğdə mal satılıb.
"Report" xəbər verir ki, bu barədə TASS-a Azərbaycan paytaxtının idman obyektlərindən birində yerləşən mağazanın meneceri məlumat verib.
""Bakı-2015"in bütün rəsmi mağazalarının bir kompüter bazası var, ona görə mən deyə bilərəm ki, bazar ertəsi axşama olan məlumata görə, tərəfimizdən 400 min manatdan bir qədər artıq məbləğdə Oyunların atributlarından ibarət mal satılıb. Azarkeşlərin ən çox tələbatı Azərbaycan bayrağınadır. Bu gün səhərdən bizdə 1000 ədəd bayraq var idi, axşama isə gördüyünüz kimi vitrində bir ədəd qalıb", - deyə agentliyin həmsöhbəti bildirib.