Bakı. 5 mart. REPORT.AZ/ “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi mötəbər yarışın Polşada yayımını təmin etmək üçün “Polsat” idman kanalı ilə saziş imzalayıb.
"Report" xəbər verir ki, sazişə əsasən, Polşanın ən böyük özəl televiziya şəbəkəsi olan “Polsat” Avropa Oyunlarını hər gün azı altı saat müddətində, o cümlədən gündəlik əsas məqamları yayımlayacaq. Avropa Oyunlarının açılış və bağlanış mərasimləri də televiziya vasitəsilə nümayiş etdiriləcək.
“Bakı-2015” ilk Avropa Oyunlarının Əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib: “Oyunların “Polsat” və “Polsat Sport” kanalları vasitəsilə polşalı idmansevərlərə nümayiş etdiriləcəyi xəbəri məni çox sevindirdi. Məqsədimiz Avropa Oyunlarını mümkün qədər geniş tamaşaçi auditoriyası arasında bölüşməkdir və bu məqsədə nail olmaq üçün səylə işləməyə davam edəcəyik”.
“Polsat” kanalının idman departamentinin rəhbəri Pyotr Paykel bildirib: “Avropa Oyunları beynəlxalq idman təqvimində son 50 ildə keçirilmiş ən mühüm tədbirlərdən biridir. Bağladığımız saziş polşalı idman azarkeşlərinə Oyunlarda iştirak edəcək idmançıların çıxışlarını izləməyə imkan yaradacaq. “Polsat” vasitəsi ilə “Bakı-2015”i Polşaya yayımlamaq üçün bizə verilən ekslüziv hüquqla fəxr edir və səbirsizliklə möhtəşəm yarışların yayımlanacağını gözləyirik”.
Polşa Milli Olimpiya Komitəsinin prezidenti Andjey Kraşnitski əlavə edib ki, Avropa Oyunları idman dünyasında mühüm bir hadisədir və ən az 12 idman növü üzrə idmançılara Olimpiya Oyunlarına təsnifat imkanı verəcək. Avropa Oyunları polşalı idmançıların beynəlxalq arenada mübarizə aparması üçün mükəmməl imkandır və “Polsat”ın bu cür tədbiri yayımlayacağı xəbərini duymaq çox xoşdur.
Bu sazişin bağlanması ilə “Bakı-2015” ABŞ, Çin və Ərəb ölkələri də daxil olmaqla, dünyanın 53 ölkəsində yayımlanacaq.