Sevil Bünyatova "Bakı 2015"də gümüş medal qazanıb

Sevil Bünyatova "Bakı 2015"də gümüş medal qazanıb Sevinc Bünyatova isə bürünc medalla kifayətlənib
Avropa Oyunları
25 İyun , 2015 20:33
Sevil Bünyatova Bakı 2015də gümüş medal qazanıb

Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarının qılıncoynatma yarışında təmsil edən Sevil Bünyatova gümüş medalla kifayətlənməli olub. "Report"un məlumatına görə, S.Bünyatova finalda polşalı Anjelika Vatora 15:14 hesabı ilə məğlub olub. Bununla da Azərbaycan I Avropa Oyunlarında medallarının sayını 46-ya çatdırıb. Ölkəmizin aktivində 15 qızıl, 13 gümüş və 18 bürün medal var. 

*** 19:51

Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarının qılıncoynatma yarışında təmsil edən əkiz bacılardan digəri Sevinc Bünyadova sablya üzrə fərdi mübarizənin yarımfinalında polşalı Anjelika Vatorla qarşılaşıb. "Report"un məlumatına görə, görüşdə polşalı atlet 15:11 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Azərbaycanın qadın qılıncoynadanı isə bürünc medalla kifayətlənib. 

*** 19:40

Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarının qılıncoynatma yarışında təmsil edən əkiz bacılardan biri olan Sevil Bünyatova finala yüksəlib. "Report"un məlumatına görə, S.Bünyatova yarımfinalda sablya üzrə fərdi yarışlarda fransalı Marqo Rifkissi vaxtından əvvəl məğlub edib - 15:9. O, finalda polşalı Anjelika Vatorla qarşılaşacaq. 

*** 17:25

Azərbaycan "Bakı 2015" I Avropa Oyunlarında daha 2 medalı təmin edib. "Report"un məlumatına görə, medallar qılıncoynatma yarışında iştirak edən Sevinc və Sevil Bünyatova bacılarının aktivinə yazılıb.

1/4 finalda yunanıstanlı Vassiliki Vuqyukaya 15:12 hesabı ilə qalib gələn Sevil Bünyatova yarımfinalda fransalı Marqo Rifkisslə qarşılaşacaq. Qalib tərəf finala yüksələcək, məğlub olan isə aktivinə bürünc medal yazdıracaq.

Sevinc Bünyatova isə yarımfinalda polşalı Anjelika Vatorla üz-üzə gələcək. O, 1/4 finalda ukraynalı Alina Komaşçuku məğlub edib - 15:11.

*** 16:23

Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən Sevinc və Sevil Bünyatova bacıları 1/4 finala yüksəlib. "Report"un məlumatına görə, Sevil Bünyatova 1/8 finalda rusiyalı Mariya Rideli məğlub edib - 15:9.

O, növbəti görüşündə yunanıstanlı Vassiliki Vuqyuka ilə qarşılaşacaq.

Sevinc Bünyatova isə italiyalı Rebekka Qarqanonu məğlubiyyətə uğradıb - 15:7. Onun 1/4 finaldakı rəqibi Alina Komaşçuk olacaq.

Qeyd edək ki, Azərbaycanın 1/8 finaldakı daha bir təmsilçisi Səbinə Mikina Yana Obintsevaya 13:15 hesabı ilə yenilərək mübarizəni dayandırıb. 

*** 15:07

Azərbaycan idmançıları "Bakı 2015" I Avropa Oyunlarının qılıncoynatma yarışında mərhələ adlayıblar. "Report"un məlumatına görə, bu gün iştirak edən 4 qadın qılıncoynadandan 2-si 1/16, 2-si isə 1/8 finala yüksəlib.

Sevinc Bünyatova A qrupunda keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb. O, 1/16 finalda rəqibi yarışda iştirak etmədiyindən heç bir görüş keçirməyib və birbaşa 1/8 finala yüksəlib.

Sevil Bünyatova isə F qrupunu ikinci tamamlayıb. Qrup mərhələsində 5 oyunda 4 qələbə qazanan S.Bünyatova 1/16 finalda polşalı Maqdalena Pasternakı məğlub etməlidir.

D qrupunda 5 görüşün 3-də qələbə qazanan Fatimə İbrahimova da 1/16 finala yüksəlib. Qadın qılıncoynadan bu mərhələdə italiyalı Rebekka Qarqano səddini keçməyə çalışacaq. Qalib gələn idmançı 1/8 finalda Sevinc Bünyatova ilə üz-üzə gələcək.

Qrup birincisi olaraq növbəti mərhələyə yüksələn Sabina Mikina birbaşa 1/8 finalda çıxış edəcək. Buna səbəb S.Mikinanın 1/16 finaldakı rəqibinin yarışa gəlməməsidir.

Son xəbərlər

Orphus sistemi