Bakı. 11 aprel. REPORT.AZ/ "Avropa Oyunlarının Bakıda keçirilməsi barədə məsələnin qaldırıldığı ilk günlərdən Azərbaycana ən fəal dəstəyi Rusiya Olimpiya Komitəsi göstərib". "Report"un məlumatına görə, bunu "Vestnik Kavkaza"ya açıqlamasında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, Avropa Olimpiya Komitəsinin 2012-ci ilin dekabrında İtaliyanın paytaxtı Romadakı Baş Assambleya çərçivəsində səsverməyə bir neçə saat qalmış Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov özünü çatdıraraq, Oyunların Bakıda təşkilinin lehinə səs verib və Moskvaya geri qayıdıb. A.Rəhimov bunu heç vaxt unutmayacağını bildirib. O, indi də bütün mərhələlərdə Rusiya tərəfinin dəstəyini gördüklərini və 2014-cü il Soçi Qış Olimpiya Oyunlarından böyük təcrübə qazandıqlarını vurğulayıb: "Oyunlara hazırlıq üzrə Soçidə də çalışmış komandamızda Rusiyadan kifayət qədər mütəxəssis var. Bu səbəbdən indiki təqdimat ilk növbədə rusiyalı idman həvəskarları üçün Avropa Oyunları barədə daha çox öyrənmək və əlbəttə, iyunun 12-də televizoru açaraq açılış mərasiminə baxmaq imkanıdır".
Qeyd edək ki, ötən gün Moskvada "Bakı 2015" I Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.