Bakı. 13 iyun. REPORT.AZ/ Avropa Olimpiya Komitəsi (EOC) "Bakı 2015" I Avropa Oyunlarının başlamasının birinci ildönümü münasibətilə yeni loqotipini təqdim edib. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumatına görə, loqotip EOC-un bütün əsas tədbirləri, o cümlədən, növbəti Avropa Oyunları və Avropa Gənclərinin Olimpiya Festivalında istifadə olunacaq.
Burada 17 gün davam etmiş "Bakı 2015"in yaddaqalan anları mozaika formasında əksini tapıb. Onların arasında Azərbaycan idmançılarından qadın güləşçi Mariya Stadnikin qələbədə sevinci yer alıb.
EOC-un prezidenti Patrik Hikki deyib: "I Avropa Oyunları qitə idmanında əlamətdar an idi. Burada dünya və olimpiya çempionları cəlbedici, çiçəklənən və gənc nəslin birinci dərəcəli idmançıları mübarizə aparırdı. "Bakı 2015" Avropa Oyunlarına üstün konsepsiya verdi və onun 2019-cu və 2023-cü Oyunlar üçün ən yüksək obrazını müəyyənləşdirdi. Bu yarış həm də qitə idmançılarına 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq üçün əla tramplin oldu. Bir illik yubileyi qeyd edərkən, Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Avropa Oyunlarının baş tutmasında vacib rollarına görə təşəkkürümü bildirmək istərdim. Bakı Avropa Oyunları üçün fantastik məkan idi. Lakin biz hər zaman gələcəyə baxırıq və bunu nəzərə alaraq, qərara gəldik ki, EOC üçün yeni loqotip hazırlayaq. Bu gözəl mozaika Bakını əbədiləşdirəcək və qitə mədəniyyətinin keçmişlə gələcəyini əks etdirəcək".
Qeyd edək ki, 2015-ci ilin 12 - 28 iyununda Bakıda keçirilmiş I Avropa Oyunlarında 50 ölkədən 5864 idmançı (3264 kişi, 2590 qadın) 20 növ üzrə 253 dəst medal uğrunda mübarizə aparıb. Açılış mərasimini və Oyunları 1,7 milyard insan Avropanın 38, digər qitələrin isə 53 telekanalı vasitəsilə izləyib.