Tobias Baumann: “Azərbaycan şərabının Avropaya ixracı genişlənə bilər”
- 17 mart, 2022
- 10:02
Azərbaycan şərabının Avropaya ixracını genişləndirilməsi Avropa İttifaqı ilə yeni sazişin imzalanmasından sonra mümkün ola bilər.
Bunu “Report”a Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru cənab Tobias Baumann deyib.
“Bu sazişin ticarət bölməsində Azərbaycan məhsullarının Avropa ölkələrinə çıxışını asanlaşdıran standartların qəbul edilməsi və lisenziyaların alınması şərtləri nəzərdə tutulub. Bu həmçinin Azərbaycan şərabının Avropa İttifaqı ölkələrinin bazarlarına çıxmasını asanlaşdıracaq”.
T. Baumann əlavə edib ki, hazırda Azərbaycan istehsalı olan şərablar az həcmdə Avropa bazarlarına göndərilir.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının sədri Azərbaycan şərab istehsalçıları ilə Bolqarıstanın şərab istehsalçıları arasında əlaqələri təşviq etmək üçün martın 15-də 1-ci Avropa İttifaqı-Azərbaycan Şərab Sammitinin keçirildiyini vurğulayıb: “Bu kimi tədbirlərin daimi keçirilməsinə ümid edirəm, çünki istehsalçıların bir araya yığmaq üçün dəstəyə ehtiyacları var. Bu tədbir Avropa Komissiyasının dəstəyi ilə keçirilib. Azərbaycan və Bolqarıstanın 15 şərab şirkəti öz məhsullarını nümayiş etdirib. Tədbir Azərbaycan və Bolqarıstan şərab istehsalçıları arasında biznes mübadiləsinin təşviqi üçün həyata keçirilib”.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda 714,4 dekalitr üzüm şərabı istehsal edilib . Bu isə 2020-ci illə müqayisədə 15,6 % azdır. Ötən il Azərbaycan 3,961 milyon ABŞ dolları dəyərində 263,4 dekalitr üzüm şərabı ixrac edib.