Qax Damazlıq İpəkçilik Stansiyası yenidən qurularaq istifadəyə verilib

Qax Damazlıq İpəkçilik Stansiyası yenidən qurularaq istifadəyə verilib Bakı. 28 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında iştirak ediblər.
ASK
28 Oktyabr , 2018 18:59
Qax Damazlıq İpəkçilik Stansiyası yenidən qurularaq istifadəyə verilib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında iştirak ediblər.

“Report” xəbər verir ki, dövlət başçısı və birinci xanım stansiyanın rəmzi açılışını bildirən lenti kəsdilər.

Kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Qax Damazlıq İpəkçilik Stansiyasının əsası 1973-cü ildə qoyulub. Maliyyə çətinliyi səbəbindən stansiya 1998-ci ildən fəaliyyətini dayandırmışdı. Nazirlər Kabinetinin 2015-ci ildə qəbul etdiyi qərarla stansiya Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların siyahısına daxil edilib. Prezident İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması məqsədilə Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb. Ötən ildən başlayaraq stansiyada əsaslı yenidənqurma işləri həyata keçirilib.

Məlumat verilib ki, stansiyanın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi 2 min kvadratmetrdən çoxdur. Stansiyanın ərazisində inzibati bina, hər biri ikimərtəbəli olmaqla laboratoriya və inkubasiya mərkəzi, həmçinin hibrid toxumların istehsalı mərkəzi var. Burada, eyni zamanda, baramaqurdu ailələrinin yemlənməsi binası da yaradılıb. Qax Damazlıq Stansiyasında yeni yaradılmış tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması, çoxaldılması, onların bioloji və texnoloji göstəricilərinin yaxşılaşdırılması, barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin edilməsi nəzərdə tutulub. Stansiyada hər il 2 min ton yaş barama istehsalını təmin edəcək 4 min qutu hibrid ipəkqurdu toxumunun, eyni zamanda, 4 kiloqram superelit və 50 kiloqram elit sinfinə aid ipəkqurdu toxumlarının istehsalı planlaşdırılır.

Stansiyanın ərazisində 3 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağları salınıb. Bu müəssisənin istifadəyə verilməsi ölkəmizdə ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Bununla yanaşı, stansiya yeni iş yerlərinin yaradılmasında da mühüm rol oynayır. Hazırda stansiyada 11 nəfər daimi işlə təmin edilib. Müəssisə tam işə düşdükdən sonra burada 59 nəfər daimi, 150 nəfər isə mövsümi işlərlə təmin olunacaq.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müəssisədə süni yemin yaradılması istiqamətində davam etdirilən tədqiqatlar haqqında məlumat verildi.

Qeyd olunub ki, burada tut yarpağının, qarğıdalı nişastasının, aktivləşdirilmiş mayanın, vitamin qarışığının və mərmər tozunun hazırlanması nəzərdə tutulur. Bu layihə ilboyu barama məhsulu istehsalının 6 min tona çatdırılmasını, toxum istehsalının sürətləndirilməsini, emal müəssisələrinin davamlı fəaliyyətini və kənd əhalisinin daimi işlə təminatını nəzərdə tutur.

Dövlət başçısına və birinci xanıma Stansiyada “Ağıllı Kənd” – “Dövlət Kənd İnkişafı layihəsi” barədə də məlumat verilib.

Bildirilib ki, bu innovativ layihə kənd əhalisini və infrastrukturunu yeni texnoloji həllərlə təmin edir. “Ağıllı Kənd” layihəsi bir çox mühüm elementləri özündə birləşdirir. Onların arasında məktəblərdə elektron tədris və təlim mərkəzləri, onlayn təlim platforması, elektron tibbi xidmətlər, alternativ və bərpa olunan enerjidən istifadə, ağıllı suvarma sistemləri, elektron və SMS məlumatlandırma daxildir. Bundan başqa, ağıllı biznes və təsərrüfatın qurulması məqsədilə layihə bazara rahat çıxış platformaları, təchizatçılar, istehsalçılar üçün daxili və xarici bazara rəqəmsal çıxış, onlayn bank xidmətləri və digər xidmətlər təqdim edir. Layihə “Ağıllı Dövlət İdarəçiliyi” istiqamətində elektron kənd təsərrüfatı, elektron xidmətlər, “bir pəncərə” sistemi, GIS əsaslı real zamanda nəzarət və ağıllı yerli idarəetmə imkanlarını da nəzərdə tutur.

Stansiyanın ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb, qazanxana, müxtəlif təyinatlı su anbarları da inşa olunub.

Görülən bu işlərin əsas məqsədi ölkədə ipəkçiliyin dayanıqlı əsaslarla inkişafına nail olmaq, ipək emalı sənayesinin xammal təminatını yüksəltmək, istehsal edilən məhsulun keyfiyyətini və həcmini artırmaq, yeni təsərrüfat subyektləri yaratmaq, ipək məhsullarının ixrac potensialını gücləndirmək və məşğulluğu artırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün baramaçılığa və ipəkçilik sənayesinə investisiyaların cəlb olunmasının təşviqi, barama istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə səmərəli iqtisadi dəstək mexanizminin formalaşdırılması, mövcud bağlarda bərpa və yenidənqurma işləri aparmaqla tut ağaclarının məhsuldarlığının artırılması, barama toxumçuluğunun inkişafı, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, bu sahədə sənayenin müasir texnologiyalar əsasında təşkili və digər mühüm məsələlər nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi