Azərbaycanda hazırda xarici və yerli şirkətlər heç bir bürokratik prosedur olmadan müstəqil olaraq öz məhsullarını fermerlərə təklif edə və dövlətin güzəştlərindən yararlana bilirlər.
“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qubada keçirilən III Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan olunub: “Ölkə iqtisadiyyatında və əhalinin məşğulluğunda mühüm rolu olan aqrar sektora göstərilən dövlət dəstəyi, müvafiq sahənin inkişafı istiqamətində həyata keçirilmiş islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəşt və yardımlar bu sahənin inkişafına əhəmiyyətli dərəcədə zəmin yaradır”.
Nazir bildirib ki, ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi, ixrac potensialının artırılması və kənd yerlərində rifahın yüksəldilməsinə töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesinin formalaşdırılması əsas hədəflənən istiqamətlərdəndir: "Bu istiqamətdə aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması, səmərəliliyinin və şəffaflığının artırılması, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə bir sıra institusional islahatlar həyata keçirilib. Bununla yanaşı, biz aqrar biznes sektorunu dəstəkləmək üçün aqrar bazarımızı ədalətli rəqabətə açmışıq".