Naxçıvanda 3 min hektara yaxın sahədə arpa biçini aparılıb

Naxçıvanda 3 min hektara yaxın sahədə arpa biçini aparılıb ​​​​​​​İyunun əvvəlindən başlayaraq Naxçıvan Muxtar Respublikasında 3 min 577 hektar sahədə biçin aparılıb
ASK
27 İyun , 2024 16:45
Naxçıvanda 3 min hektara yaxın sahədə arpa biçini aparılıb

İyunun əvvəlindən başlayaraq Naxçıvan Muxtar Respublikasında 3 min 577 hektar sahədə biçin aparılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bunun 2 min 907 hektarını arpa təşkil edir.

Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Səbuhi Həsənov "Report"un yerli bürosuna bildirib ki, hazırda buğdanın orta məhsuldarlığı 26 sentner, arpanın isə 25 sentner təşkil edir: “Bu ilkin mərhələdir. Növbəti mərhələdə biçinin sonlarına yaxın, məhsuldarlığın 30 sentnerə çatacağı gözlənilir”.

O qeyd edib ki, muxtar respublikada əkilən 17 min 6 hektar taxıl sahəsinin 8 min 872 hektarını buğda, 8 min 133 hektarını arpa zəmiləri təşkil edir: “Buğdanın “Alekseyeviç”, arpanın “Qarabağ 22” sortu əkilib. Ötən illə müqayisədə bu il taxıl əkinləri 4 min hektar azalıb. Buna səbəb su çatışmazlığı göstərilir”.

Bildirilir ki, taxılın tədarükü ilə əlaqədar işlər də yekunlaşıb. Anbarlar, laboratoriya, tərəzilər və digər avadanlıqlar saz vəziyyətə gətirilib.

Taxıl məhsullarının qəbulu və istehsalı müəssisəsinin icraçı direktoru Canməmməd Canməmmədov qeyd edib ki, taxıl qəbuluna artıq hazırdırlar: “Hazırda ölkə üzrə buğdanın qiyməti müəyyən olunmadığından qiyməti müəyyənləşdirə bilməmişik. Ötən ildən fərqli olaraq bu il buğda vahid qiymət üzrə deyil buğda göstəricilərinə uyğun müəyyən olunacaq”.

O bildirib ki, taxıl biçininin idarə olunması üçün Kənd Təsərrüfatı Nazirliyində Mərkəzi Qərargah yaradılıb: “Biçinin vaxtında və keyfiyyətlə aparılması məqsədilə texnika və avtomobillər hazır vəziyyətə gətirilib. Biçin dövründə sahələrdə yanğın təhlükəsizliyinin etibarlı təmini ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qrupları xidmət aparır”.

Qeyd edək ki, muxtar respublikada biçin işlərinin optimal müddətdə başa çatması üçün 70 kombayın 385 kənd təsərrüfatı texnikası cəlb edilib.

Son xəbərlər

Orphus sistemi