Bu gün Azərbaycanda gənc aqrar biznesmenlərin yetişdirilməsinə ehtiyac var.
"Report" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bu gün keçirilən Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf ofisinin (FCDO) maliyyələşdirdiyi "Gənc Aqrosahibkarlar" layihəsinin açılış konfransında deyib.
Onun sözlərinə görə, bu gün hər birimiz ərazi bütövlüyü tam bərpa olunmuş dövlətin həyata keçirdiyi quruculuq işləri, COP-29 kimi mötəbər tədbirlərə ev sahibliyi etməyin qürurunu daşıyırıq: “Uzun müddətdir ki, düşmən tapdağında qalan, baxımsız hala salınmış torpaqlarımıza yenidən həyat qayıdır. Bərəkətli Qarabağ torpaqlarını əkib-becərmək, sağlam məhsullar yetişdirmək üçün aqrar ənənələrimizi davam etdirməliyik”.
O bildirib ki, kənd təsərrüfatı istehsalı ilə aqrar emal arasındakı zənciri qurmaq Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracındakı mövqeyini yüksəldə bilər: “Ölkə daxilində qida və dəyər zəncirinin yaradılması çox vacib məsələdir. Kənd təsərrüfatının, aqrosahibkarlığın inkişafına torpaqdan başlayaraq, son məhsulun qablaşdırılmasına, markalanma, brend yaratmaya qədər kompleks şəkildə baxmaq mühüm əhəmiyyət kəsb edir”.