Bu gün atılan addımların əsas məqsədi ölkədə su təminatının yaxşılaşdırılması ilə bağlıdır.
Bunu “Report”a açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
“İlk növbədə qəbul etməliyik ki, qlobal istiləşmə gedir və bundan qaça bilmərik. Su Komissiyası çərçivəsində qəbul edilən qərarlara uyğun olaraq Azərbaycanın müxtəlif bölgələrində su hövzələri yaradılır. Paralel olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birgə su təchizatı sahəsində idarəetməni yaxşılaşdırmağa çalışırıq. Əsas məsələ sudan daha qənaətli istifadəyə nail olmaqdır. Bunun üçün suyun nə cür nəql edilməsi, onun qapalı şəbəkəyə keçirilməsi önəmlidir. Eyni zamanda idarə edilən suvarma sistemlərini daha çox tətbiq edə bilsək, qlobal quraqlığın təsirini nisbətən azalda bilərik. Bu baxımdan elmi-tədqiqat institutlarının üzərinə böyük yük düşür. Onlar quraqlığa daha davamlı bitkilərin, o cümlədən taxıl bitkilərinin yetişdirilməsi üzərində işləməlidir", - deyə o qeyd edib.