Kənd təsərrüfatı naziri İnam Kərimov Salyan rayonunun Boranıkənd kəndində açıq sahədə pambıqçı fermerlərlə görüşüb.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, nazir pambıq sahələrinə baxış keçirib, əkinlərin vəziyyəti ilə maraqlanıb. Görüşdə qrafikə uyğun aqrotexniki qulluq tədbirlərinin aparılması, suvarma məsələləri, fermerlərin gübrə, dərman, texnika ilə təchizatı, bitki mühafizə tədbirləri, pambıqçılığa dövlət dəstəyinin daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, pambıqçılıq fermerlərin gəlirinin artmasında mühüm rol oynadığı kimi, kənd əhalisi arasında məşğulluğun yüksəlməsinə də ciddi təsir göstərir.
2020-ci ildə Salyanda 5 min hektar sahədə pambıq əkini aparılıb, fermerlər mövsümün sonunda tədarük məntəqələrinə 20 min tondan artıq pambıq təhvil veriblər. Bu il isə rayonda 6 124 hektar sahədə pambıq əkilib. Sahələrdə aparılan monitorinqlər Salyan rayonunun bu il də orta məhsuldarlıq göstəricilərinə görə ilk yerlərdə qərarlaşacağını göstərir.
Azərbaycanda isə bu il 17 rayonda 100 min hektara yaxın sahədə pambıq əkini aparılıb. Ölkədə pambıqçılığa geniş dövlət dəstəyi mövcuddur. Pambıqçı fermerlər həm əkin, həm məhsul subsidiyası alırlar. Fermerlərə pambıq sahəsinin hər hektarına görə 260 manat (220 əkin subsidiyası +40 manat dizelin bahalaşmasından sonra artırılan subsidiya miqdarı), təhvil verilən pambığın hər tonuna görə 100 manat subsidiya ödənilir. Yetişdirilən məhsul fermerdən keyfiyyətindən asılı olaraq hər tonu 550-650 manata satın alınır. Subsidiya almaq istəyən fermerlər öz əkinlərini digər yazlıq əkinlər kimi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan ediblər.
Fermerlər bu il çiyid səpini aparılmış bütün sahələrdə yaxşı çıxış alındığını, hazırda texnoloji xəritəyə uyğun dərmanlama işlərinin aparıldığını qeyd ediblər. Görüş zamanı fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.