"Azərbaycanda bitki sağlamlığı və mühafizəsinin təşkili istiqamətində davamlı işlər görülür. Bu sahədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kənd Təsərrüfatı Nazirliyi ilə, xüsusilə də nazirliyin Aqrar Xidmətlər Agentliyi ilə koordinasiya olunmuş fəaliyyət aparır".
“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusunda regional tədbirdə çıxışı zamanı deyib.
Nazir bildirib ki, bitki sağlamlığı işində nəzarət və xidmət funksiyalarının bir-birini tamamlaması uğurlu nəticələr əldə etməyə imkan verir: "Birgə monitorinq mexanizminin formalaşması, elektron bazanın yaradılması, dataların toplanması, davamlı məlumat mübadiləsi – bütün bunlar həm Qida Təhlükəsizliyi Agentliyinin, həm də Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi sahəsində mövcud risklərə daha çevik və operativ reaksiya verməsini, önləyici tədbirlər görməsini təmin edir".
Onun sözlərinə görə, bitki sağlamlığı işinin təşkilində ən prinsipial addımlardan biri təhlükəli zərərli orqanizmlərin ölkəmizə daxil olması, məskunlaşması və yayılması risklərini əvvəlcədən proqnozlaşdırmaq və buna qarşı preventiv tədbirlər görməkdir: " Belə tədbirlər riskli xəstəliklərin ölkəmizin florasına, əsasən də kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin qarşısının almağa, daha geniş arealda yayılmasına qarşı qabaqlayıcı addımlar atmağa imkan verir. Bunun üçün zərərli obyektin düzgün diaqnostikasının aparılması və düzgün elmi identifikasiyası vacibdir. AQTA və Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə də koordinasiya olunmuş, səmərəli fəaliyyət göstərirlər".
İ.Kərimov xatırladıb ki, artıq bütün dünya qlobal iqlim dəyişkliyinin təsirlərini hiss etməkdədir: "Qlobal istiləşmə, atmosfer yağıntılarının azalması, ekoloji tarazlığın pozulması, torpaq və su resurslarının istehsal imkanlarının son həddinə çatması bütün sahələrə, o cümlədən kənd təsərrüfatına mənfi təsir göstərməkdədir. Bu məsələlər artıq ayrı-ayrı ölkələrin deyil, bütün dünyanın üzləşdiyi problemlərdir. İqlim dəyişikliyinin yaratdığı risklərə qarşı önləyici addımların atılmasında məlumat və təcrübə mübadiləsinin aparılması vacibdir.
Zərərvericilərə qarşı fitosanitar risk analizləri, zərəvericilərdən azad zonaların və istehsal yerlərinin yaradılması, fitosanitar sertifikatlaşdırma sistemi, ərazidə zərərvericilərin statusunun müəyyənləşdirilməsi, karantın və tənzimlənən qeyri karantin zərərvericilər üçün risk analizləri kimi beynəlxalq dtandartlar zərərverici ocaqlarının ləğvində və yayılma arealının qarşısının alınmasında əsas metodik bələdçi rolunu oynayır".