Əkinə yararlı torpaqlarımızı mulçalama üsulu ilə qoruya bilərik?

ASK
  • 07 iyun, 2022
  • 11:07
Əkinə yararlı torpaqlarımızı mulçalama üsulu ilə qoruya bilərik?

İsti yay günlərində cərgəarası bitkilərin becərilməsi üçün mulçalama üsulunun böyük əhəmiyyəti var.

Bu barədə “Report”a açıqlamasında kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Günay Seyidli deyib.

Herbisitlərə ehtiyac qalmır

G.Seyidli Azərbaycanda bu metodun tətbiq edilmədiyini bildirib: “Xarici ölkələrdə mulçalama üsulundan geniş istifadə edilir. Bizdə edilsə, cərgərarası becərilən bitkilərdə həm torpağın nəmliyini saxlamaq ehtimalı daha yüksək olar, həm də alaq otlarının qarşısı alınar. Nəticədə herbisitlərə ehtiyacımız olmaz. Herbisitlər alaq otlarını məhv etsə də, torpağı zəhərləyir. Bir müddət sonra biz torpağın yuyulması və digər aqrotexnoloji tədbirlər görürük. Bu da torpaqda qida elementlərinin yox olmasına gətirib çıxarır. Herbisitlərdən istifadənin qarşısını almaq üçün mulçalamadan istifadə edə bilərik. İlk dəfə 17-ci əsrdə Şərqi Avropada qarabaşaq samanı ilə mulçalama aparılıb. Mulçalama torpağın səthinin müxtəlif materiallarla, əsasən mulçalama ağac yonqarı və samanla aparılır. Torpağın üst qatı saman və ya ağac yonqarı ilə örtülür, bu həm torpağın nəmliyini saxlayır, həm də alaq otlarının inkişafının qarşısını alır".

Alaq otlarını məhv edir

Mütəxəssis qeyd edib ki, mulçalama bir il ərzində torpağı alaq otlarından tamamilə təmizləyir:“1992-ci ildə qəzet kağızları ilə mulçalanmış sahədə bütün yay ərzində 8 alaq otu çıxdığını qeydə almışdılar. Bu o deməkdir ki, artıq herbisitdən istifadə olunmayıb və torpaq qorunub. Növbəti yayda həmin qəzet kağızı ilə mulçalanmış sahə tamamilə alaqsız idi. Bu üsul həm alaq otlarının bitməyinin qarşısı alır, həm də alaq otlarının sporları mulçalanmış sahənin altında məhv olur. Günəş şüası olmadığı və torpağın üst qatı örtülüdüyü üçün alaq otlarının sporları inkişaf edə bilmir. Alaq otlarının qarşısını almaq üçün mulçalanma materialında alaq otlarının toxumları olmamalıdır. Mulça qatı qalın olmalıdır ki, alağın çıxmasına maneə olsun".

G.Seyidli hesab edir ki, mulçalanmış sahədə azot çatışmazlığı da olmur: "Azot sabit element deyil. Fosfor, kalium torpaqda qalır, bitki kökləri onları mənimsəyə bilir, amma azotu mənimsəyə bilmir. Çünki azot tez torpağın dibinə çökür. Torpaq azotla zəngin olsun deyə çox zaman növbəli əkindən istifadə edirik".

Torpağın strukturunu yaxşılaşdırır

G.Seyidli bildirib ki, mulçalama torpağın strukturunu yaxşılaşdırır: “Mulçalama həm də torpaq eroziyasının və torpaqda mineral maddələrin yuyulmasının qarşısını alır. Torpağı qurumaqdan mühafizə edir. Biz torpağı suvarmasaq belə o mulçanın altında nəm halda qalır. Mulçalama həddindən çox buxarlanmanın qarşısını alır və torpağın hərarətini sabitləşdirir. Çox günəşli havada torpağın hərarətinin artması bitkinin qurumasına gətirir".

Gübrədən istifadəni azaldır

Mütəxəssis əlavə edib ki, mulça üzvi materialdan ibarət olur və torpağı gübrələyir: "Bu, torpaq orqanizmləri üçün əlavə qida mənbəyidir. Torpağın üst qatı humus qatı sayılır ki, bu qat mineral maddələrlə zəngin qatdır. Mulçalama torpaqda humusun miqdarını artırır və üzvü mulça torpaq strukturunu yaxşılaşdırır. Strukturlu torpaqlar bitkilər üçün daha əlverişlidir. Struktursuz torpaqların məsaməliliyi, su keçirtməzliyi zəif olur, hətta nəmlik olan kimi orda palçıq əmələ gəlir. Strukturlu torpaq isə ovulmuş, dənəvər halda olur. Mulça parçalandıqda torpağı qida elementləri ilə zənginləşdirir. Belə ki, mulça torpaqdan yığılmır, orda qalır.

Qışa doğru getdikcə torpağı şumlayırıq və bu zaman mulça torpağa qarışır. Torpağa qarışan mulça onun strukturunu yaxşılaşdırır, humusun miqdarını artırır və torpağı qida elementləri ilə zənginləşdirir. Mulça yayda torpağı istidən qoruduğu kimi, qışda da soyuqdan qoruyur. Mulçalanan torpaqda qaysaq əmələ gəlmir, həmin torpaq yumşaq olur. Bu da gözəl strukturlu torpaq deməkdir. Mulçalanmış bitkilərin kök sistemi daha yaxşı inkişaf edir, mulça faydalı qida maddələrinin yuyulması və aşınmasının qarşısını alır, torpağın üst qatında hava və su rejimini tənzimləyir”.

Fermerlər mulçalamadan məlumatsızdır

“Azərbaycanda fermerlərə keçilən təlimlər zamanı onlar mulçalama barədə tam, doğru şəkildə və onlara daha rahat olan formada maarifləndirilməlidir. Fermer bilsə ki, mulçalama onun torpağı üçün daha xeyirlidir, bu üsuldan istifadə edər. Çünki o pul ödəyib herbisit alır. Fermer maarifləndirilsə və bilsə ki, mulçalama onun torpağını qışda soyuqdan, yayda istidən qoruyur və üstəlik onun bitkiyə verdiyi gübrənin miqdarını yarıya endirir, bundan istifadə edəcək", - G.Seyidli əlavə edib.

44 filmi