Dağıstanda Azərbaycanla müştərək aqrar mərkəz açılıb
- 13 avqust, 2024
- 13:58
Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunun Məmmədqala kəndində Azərbaycanla müştərək “S.R.Plast” nəqliyyat-logistika aqrar mərkəzi fəaliyyətə başlayıb.
“Report” RBC-ya istinadən xəbər verir ki, bu barədə Dağıstan İxraca Dəstək Mərkəzi məlumat yayıb.
“Aqrar mərkəzin tikintisinə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Dağıstan və Azərbaycan arasında bağlanmış sazişlər çərçivəsində başlanılıb”, - məlumatda bildirilib.
Dağıstan gələcək layihəni federal magistral yaxınlığında lazımi torpaq sahəsi və mühəndis kommunikasiyaları ilə təmin edib. Obyektin avadanlıqla təchizatı üzrə işləri isə Azərbaycan tərəfi öz üzərinə götürüb. Aqrar mərkəz kənd təsərrüfatı məhsullarının uzunmüddətli saxlanması üçün soyuducu kameralar və qablaşdırma sistemi ilə təchiz edilib.
Bundan əlavə, Dağıstan və Azərbaycan bağçılığın inkişafına dair birgə planları müəyyən edib.
Mərkəzdən verilən məlumata görə, respublikada 53 hektar sahədə alça, nektarin, gilas, zeytun və şaftalı bağlarının salınması haqqında sazişlər imzalanıb..