Bu il “Azərtütün ASK”nın ixracdan qazancı 16 % azalıb
- 27 iyul, 2023
- 14:44
Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC 570 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir.
İcmala görə, bu, 2022-ci ilin 6 ayı ilə müqayisədə 110 min ABŞ dolları və yaxud 16,2 % azdır.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azərtütün ASK” MMC Azərbaycan Prezidentinin 4 dekabr 2017-ci il tarixli, 1 704 saylı Fərmanına uyğun olaraq, “İntertobacco” MMC-nin əmlakları “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mülkiyyətinə götürülüb və 25 may 2018-ci il tarixdən “Azərtütün ASK” MMC qeydiyyata alınaraq fəaliyyətə başlayıb.
“Azərtütün ASK”nın Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 266 ədəd müasir odla qurutma kamerası, anbar və ofis binaları, habelə digər zəruri infrastruktura malik 4 ədəd tütün istehsalı və emalı məntəqəsi, Zaqatala rayonunda isə bir Tütün emalı zavodu fəaliyyət göstərir. Qurutma kameraları Bolqarıstanın “Ronis” və İtaliyanın “De Cloet”, emal zavodunun avadanlıqları isə ABŞ-ın “MacTavish Evans” və İtaliyanın “Goddiolli Bellanti” şirkətlərinin istehsalıdır. Ümumilkdə, “Azərtütün ASK” və onun strukturuna daxil olan müəssisə və obyektlərdə 194 daimi iş yeri var, mövsümdə isə 500-550 nəfər müvəqqəti işçi cəlb edilir.