Məlum olduğu kimi, Milli Məclisin ratifikasiya etdiyi və Prezident İlham Əliyevin iyunun 21-də təsdiqlədiyi Qanuna əsasən, “Gədəbəy”, “Qoşa”, “Xarxar”, “Qaradağ”, Ordubad qrupu (“Piyazbaşı”, “Ağyurd”, “Şəkərdərə”, “Kələki”), “Qızılbulaq”, “Dəmirli” və “Vejnəli” qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının “R.V. Investment Group Services” LLC arasında bağlanmış Sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə ötürülüb.
Məqsəd Saziş üzrə işlərin icrasında “R.V. Investment Group Services” LLC ilə dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkəti arasında səmərəli əməkdaşlığın təmin edilməsidir. Sazişin şərtlərinə əsasən, “AzerGold” “R.V. Investment Group Services” LLC-yə hüquq və mənafelər vermək, fəaliyyətin səmərəli təşkil edilməsinə nəzarət etmək, mədən-filiz əməliyyatlarının həyata keçirilməsi üçün hökumət orqanları ilə əməkdaşlığı təmin etmək və digər öhdəlikləri daşıyır.
Saziş sahələrində mədənlərin idarəolunması, geoloji kəşfiyyat, hasilat, istehsalat, həmçinin ətraf mühitin mühafizəsi, yerli icmalarla işin təşkili, korporativ sosial məsuliyyət və digər istiqamətlərdə “R.V. Investment Group Services” LLC fəaliyyətini “AzerGold”un nəzarəti ilə icra edəcək: “AzerGold” operator şirkətin dağ-mədən fəaliyyətinin yerli və beynəlxalq qanunvericiliyinin tələblərinə uyğun icrasını təmin edəcək".
Artıq QSC Sazişdən irəli gələn məsələlərin həlli, fəaliyyətin operativ təşkili, müxtəlif fəaliyyət istiqamətlərində Sazişin tələblərinin müəyyən edilməsi məqsədilə işlərə başlayıb. Belə ki, qeyd edilən məqsədlər nəzərə alınaraq “AzerGold”un nəzdində yaradılan İşçi qrupa 1 ay ərzində fəaliyyətin təşkil edildiyi sahələrə, o cümlədən infrastruktura ümumi baxışın keçirilməsi, Saziş çərçivəsində görülən işlərin və mövcud vəziyyətin təhlil edilməsi, görülməsi zəruri olan tədbirlərin müəyyən edilməsi və təkliflərin formalaşdırılması tapşırılıb. Eyni zamanda fəaliyyət və nəzarətin təşkili məqsədilə Rəhbər Komitənin yaradılması üzrə müvafiq işlər icra edilir.
Saziş 20 avqust 1997-ci il tarixində “Azərqızıl” Dövlət Şirkəti ilə “R.V. Investment Group Services” LLC arasında bağlanılıb. 2000-ci il 22 yanvar tarixindən Sazişə yeni dəyişikliyə qədər “Azərqızıl” dövlət şirkətinin ləğv edilməsi nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sazişdən irəli gələn öhdəliklər üzrə “Azərqızıl”ın hüquqi varisi hesab edilib.