Azərbaycanda kümçülərə ipəkqurdu toxumunun paylanmasına başlanılıb

Azərbaycanda kümçülərə ipəkqurdu toxumunun paylanmasına başlanılıb ​​​​​​​2023-cü il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması prosesinə start verilib
ASK
27 Aprel , 2023 17:42
Azərbaycanda kümçülərə ipəkqurdu toxumunun paylanmasına başlanılıb

Azərbaycanda 2023-cü il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanmasına start verilib.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu il kümçülərə əvəzsiz olaraq 11 500 qutu ipəkqurdu sənaye toxumunun (qrena) paylanması nəzərdə tutulur. İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Bərdə, Ağsu, Zərdab və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib. Barama mövsümü ərəfəsində bütün kümxanalar dezinfeksiya edilib, kümçülər təlimlərə cəlb olunub.

Bu gün Qax Damazlıq İpəkçilik Stansiyasında hibrid ipəkqurdu toxumlarının kümçülərə paylanmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, nazir müavini Sarvan Cəfərov, Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Qax rayon rəhbərliyi, müxtəlif rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) direktorları, Qax Damazlıq İpəkçilik Stansiyasının əməkdaşları və mütəxəssislər iştirak ediblər.

M.Məmmədov bildirib ki, barama mövsümü ərəfəsində bütün hazırlıq işləri tam başa çatıb. Kümxanalar aqrozootexniki tələblərə uyğun hazırlanıb, dezinfeksiya işləri həyata keçirilib, kümçülər təlimlərə cəlb olunublar. Baramaçılığın və ipəkçiliyin Azərbaycanda qədim ənənələrinin olduğunu deyən nazir bu sahənin inkişafı üçün dövlət tərəfindən davamlı dəstək tədbirlərinin həyata keçirildiyini deyib.

Tədbirdə qeyd olunub ki, baramaçılıq və ipəkçiliyin inkişafına dövlət dəstəyi kümçülərin bu sahəyə marağını ildən-ilə artırır. Onlarla imzalanmış müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.

Tədbirdən sonra yaş barama istehsal olunan rayonların DAİM-lərin rəhbərləri ilə görüş keçirilib, onlarla yeni başlayan mövsümdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, tövsiyə və tapşırıqlar verilib.

Səfər çərçivəsində M.Məmmədov Qax DAİM-in binası ilə tanış olub, kollektivlə görüşüb, rayondakı təsərrüfatlara baş çəkib, Şəkidə payızlıq əkin sahələrinin vəziyyəti ilə yerində tanış olub, quraqlığın taxıl sahələrinə vurduğu zərər yerində dəyərləndirilib.

Son xəbərlər

Orphus sistemi