Azərbaycanda bu günə qədər sahələrdən kondisiya çəkidə 240 min tondan çox pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, bu il 16 rayonda ümumilikdə 100 min hektardan artıq sahədə, əsasən Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonlarının ərazisində pambıq əkilib. Bu rayonların ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur və respublika üzrə pambıq əkini sahələrinin 45 %-dən çoxu onların payına düşür.
Vegetasiya müddəti başa çatdıqdan sonra məhsulun kombaynlar vasitəsilə kütləvi yığımına start verilib. Prosesə 447 kombayn və 3 085 traktor yedəyi cəlb olunub. Pambıqyığan kombaynların sayı sahələrdən məhsulun 100 %-ə yaxınını texnika vasitəsilə yığmağa imkan verir.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla onun məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb. Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfidən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat - 2 dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alnırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir.