Azərbaycanda Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi "Caspian Agro" keçiriləcək

Azərbaycanda Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi "Caspian Agro" keçiriləcək 10-12 iyun tarixlərində "Bakı Ekspo Mərkəzi"ndə 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan 2021” keçiriləcək
ASK
1 İyun , 2021 13:00
Azərbaycanda Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi Caspian Agro keçiriləcək

10-12 iyun tarixlərində "Bakı Ekspo Mərkəzi"ndə 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan 2021” keçiriləcək.

“Report” xəbər verir ki, hər iki tədbir koronovirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgilərdir. Təmsil olunan sənaye sahələrinin peşəkarları işgüzar əlaqələri bərpa etmək və yeni əlaqələr qurmaq, habelə aktual bazar məlumatlarını əldə etmək, eləcə də sərfəli müqavilələr imzalamaq üçün iki illik fasilədən sonra ilk dəfə yenidən bir araya gələcəklər.

Canlı təşkil olunan tədbirlərin təhlükəsiz keçirilməsi üzrə qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargahın, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) tövsiyələrinə (sosial məsafə, maska ​​rejimi, antiseptik / təmizləyici vasitələrin tətbiqi, bədən hərarətinin yoxlanılması və ərazinin müntəzəm dezinfeksiya edilməsinə) əsaslanır.

Sərgilər kənd təsərrüfatı sektorunun əsas iştirakçılarını, peşəkar ziyarətçiləri, o cümlədən idxalçıları, ixracatçıları, distribütorları, topdan və pərakəndə satış şirkətlərini, eləcə də fermerləri bir araya gətirəcək. “Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin iki zalını, eləcə də açıq sahəsini əhatə edəcək. Qeyd etmək lazımdır ki, açıq sahədə yerləşəcək ekspozisiyanın miqyası 2019-cu ildəki ekspozisiya ilə müqayisədə artmışdır. Bu il Azərbaycan, ABŞ, Almaniya, Əfqanistan, Belarus, Belçika, BƏƏ, Bolqarıstan, Çin, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İspaniya, İtaliya, Litva, Niderland, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya, Vircin adaları, Yunanıstan da daxil olmaqla dünyanın 28 ölkəsindən 237 şirkət bu sərgilərdə iştirak edəcəklərini təsdiqləyiblər.

Sərgilərdə Əfqanistan və Belarusu təmsil edən milli qruplar, Rusiya Federasiyasını təmsil edən Kirov və Adıgey rayonunun qrupları, həmçinin bu il sərgidə debüt edən Moskva regional qrupu iştirak edəcək.

14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgilərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edəcəklər.

Bu il sərgilərdə qida və kənd təsərrüfatı sahələri üçün vacib və aktual olan bütün məsələlər təqdim olunacaq. Hər bir sektorun hərəkətverici qüvvəsi olan innovasiyalara da xüsusi diqqət verilib. Həmçinin, sərgidə bir sıra iştirakçı Qarabağ regionunun inkişafı üçün xüsusi təklif, layihə və xidmətləri nümayiş etdirməyi planlaşdırır.

Beləliklə, “Caspian Agro 2021” sərgisinin ekspozisiyasına bir sıra innovasiyalar daxildir: “ağıllı ferma”, heyvandarlıq sənayesi üçün avadanlıqlar, kənd təsərrüfatı texnikası, laboratoriya avadanlıqları, yeni toxum sortları və bir çox digər məhsullar. Ümumiyyətlə, “Caspian Agro 2021” sərgisi kənd aqrar-sənaye kompleksinin müxtəlif sahələrinin daxil olduğu 11 tematik bölməni əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi