Azərbaycan daha 2 ölkəyə fındıq ixrac etməyə başlayıb

ASK
  • 23 fevral, 2023
  • 06:11
Azərbaycan daha 2 ölkəyə fındıq ixrac etməyə başlayıb

2022-ci il ərzində Azərbaycandan xaricə 110,643 milyon ABŞ dolları dəyərində 21 min 865 ton meşə fındığı (qabıqlı və qabığı təmizlənmiş) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 1 % azdır, kəmiyyət olaraq – 12,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 54,28 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % çoxdur) 11 min 474 ton (+33,4 %), İtaliyaya 26,614 milyon ABŞ dolları dəyərində (-23 %) 4 min 322 ton (-22 %), Almaniyaya 19,5 milyon ABŞ dolları dəyərində (+15 %) 3 min 278 ton (+28 %), Özbəkistana 2,13 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 885,4 ton (+2,2 dəfə), Qazaxıstana 2,04 milyon ABŞ dolları dəyərində (-27 %) 799,11 ton (-37 %) məhsul satıb.

Azərbaycandan Böyük Britaniyaya (0,34 min ABŞ dolları dəyərində 0,05 ton), Qətərə (0,83 min ABŞ dolları dəyərində 0,15 ton), İraqa (0,24 min ABŞ dolları dəyərində 0,06 ton), Latviyaya (102,3 min ABŞ dolları dəyərində 22 ton) və Türkiyəyə (107 min ABŞ dolları dəyərində 21 ton) tədarük bərpa edilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) Azərbaycan ilk dəfə olaraq Sinqapur (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) və Yaponiyaya (0,6 min ABŞ dolları dəyərində 0,1 ton) fındıq ixrac etməyə başlayıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycandan xaricə (18 ölkəyə) göndərilən 19,5 min ton meşə fındığının 44,2 %-i Rusiyanın, 28,2 %-i İtaliyanın, 13,1 %-i Almaniyanın payına düşüb.