Azərbaycan Almaniyadan heyvan yemi tədarükünü bərpa edib

ASK
  • 26 may, 2023
  • 11:30
Azərbaycan Almaniyadan heyvan yemi tədarükünü bərpa edib

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrdən 10,4 milyon ABŞ dolları dəyərində 21 min 555 ton heyvan yemi (bitki mənşəli məhsullar, bitki tullantıları və qalıqları) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16,6 %, kəmiyyət olaraq – 18 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51,4 % çoxdur) 13 min 620 ton (+29,4 %), Braziliyadan 1,81 milyon ABŞ dolları dəyərində (+21,3 %) 2 min 550 ton (-6,6 %), Argentinadan 1,79 milyon ABŞ dolları dəyərində (-57 %) 2 min 512 ton (-65 %), Ukraynadan 1,722 milyon ABŞ dolları dəyərində (+5,7 %) 2 min 851 ton (-1,1 %), Şri-Lankadan 31,55 min ABŞ dolları dəyərində (-11,3 %) 20 ton (+17,6 %) yem alıb.

Dörd il 8 aylıq fasilənin ardından Azərbaycan Almaniyadan (1,55 min ABŞ dolları dəyərində 0,49 ton) heyvan yemi tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (10 ölkədən) idxal edilən 134 min 145 ton heyvan yeminin 45,7 %-i Argentinanın, 30,3 %-i Rusiyanın payına düşüb.