Bəzən fermerlər əkin işlərini sentyabr-oktyabrda apardıqları halda, əkinlərin bəyanını ilin sonuna saxladıqları üçün onların sığorta olunması ləngiyir.
Bu barədə “Report”a açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.
O əlavə edib ki, nəticədə əkinlər bir neçə ay sığortasız qalır:
“Bu da həmin vaxt baş verə biləcək hadisələr səbəbindən fermerlərin zərərə düşməsi deməkdir. Yəni noyabr-dekabr aylarında həmin əkin sahəsində hər hansı təbii fəlakət, sel-subasma və güclü külək hadisəsi baş verəndə fermer əkinini hələ bəyan etmədiyinə görə, sığorta müqaviləsi də bağlamamış olur və həmin vaxt baş verən hadisə qarşısında təminatsız olur. Sığortasız dövrdə baş verən zərərləri isə kompensasiya etmək mümkün olmur. Bunu nəzərə alaraq fermerləri mümkün hadisələrdən və zərərlərdən qorunmaq üçün əkinləri vaxtında bəyan etməyə və sığorta müqaviləsi bağlamağa çağırırıq”.
Qeyd edək ki, sentyabrın 1-dən payızlıq əkinlərin bəyanına başlanılıb. Fermerlər əkin sahələrini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edə bilərlər. Bu proses ilin sonunadək davam edəcək. Əkinlərin bəyan edilməsi ilə eyni vaxtda payızlıq əkin sahələrinin sığortası dövrü də başlayıb.