Bu ilin yanvar-oktyabr aylarında Aqrar Sığorta Fondu 406 500 hektar əkin sahəsini, eləcə də 2 619 baş iri və xırdabuynuzlu mal-qaranı sığortalayıb.
"Report" Fonda istinadən xəbər verir ki, 10 ay ərzində bitkiçilik sığortası üzrə 10,841 milyon manat, heyvandarlıq sığortası üzrə isə 1,58 milyon sığorta haqqı toplanılıb.
Beləliklə, ümumi sığorta yığımı 12,421 milyon manat, ümumi sığorta təminatı isə 475 milyon manat təşkil edib.
Hesabat dövründə Fond 4,049 milyon manat sığorta ödənişi verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur. O cümlədən, bitkiçilik üzrə sığorta ödənişi 4 dəfə artaraq 3,142 milyon manat, heyvandarlıq üzrə sığorta ödənişi isə təxminən 45 % artaraq 907 min manat olub.
Azərbaycanda aqrar sığorta haqqının 50 %-ni dövlət, qalanını isə fermerlər ödəyir.