USAİD-in Ermənistana “dəstəyi” - Paşinyanın daxili öhdəlikləri – ŞƏRH

USAİD-in Ermənistana “dəstəyi” - Paşinyanın daxili öhdəlikləri – ŞƏRH Bir ara Ermənistanı su yoluna döndərən və regionda qərəzli siyasətini yürütməkdən çəkinməyən USAİD Ermənistanda yenidən fəaliyyətə keçib. Təsis olunduğu vaxtdan etibarən təmsil etdiyi ölkənin, müxtəlif lobbi təşkilatlarının maraqlarının ifadəçisi kimi ad
Analitika
9 Aprel , 2024 14:56
USAİD-in Ermənistana “dəstəyi” - Paşinyanın daxili öhdəlikləri – ŞƏRH

Bir ara Ermənistanı su yoluna döndərən və regionda qərəzli siyasətini yürütməkdən çəkinməyən USAİD Ermənistanda yenidən fəaliyyətə keçib. Təsis olunduğu vaxtdan etibarən təmsil etdiyi ölkənin, müxtəlif lobbi təşkilatlarının maraqlarının ifadəçisi kimi ad çıxaran bu qurumun üzvlərinin bir çoxunun ABŞ kəşfiyyatının əməkdaşları olduğu sirr deyil. Bu səbəbdən də baş nazir Nikol Paşinyanın Brüssel səfəri zamanı Ermənistanın Belçikadakı səfirliyində USAİD rəhbəri Samanta Pauerlə görüş keçirməsi diqqətdən kənarda qalmayıb. Təşkilatın sədri bildirib ki, təmsil etdiyi qurum İrəvanla sıx əməkdaşlığa davam edir və islahatlara dəstəyini davam etdirəcək. Bunun isə strateji anlamı var. Elə bu strateji məqsəd və məna əslində bir sıra mətləblərdən xəbər verir.

Belə ki, USAİD Ermənistanda dəyəri 23.1 milyon dollar olan yeni proqramlara start verdiyini bəyan edib. Məlum olub ki, 8.6 milyon dollar qurum tərəfindən enerji təhlükəsizliyinin möhkəmlənməsinə ayrılıb. Bu, bərpa olunan enerjiyə çıxışın yaxşılaşdırılmasını və enerji sektorunda kibertəhlükəsizlik zəifliklərinin aradan qaldırılmasını nəzərdə tutur. 6 milyon dollar isə iqlim problemləri fonunda kənd təsərrüfatı məhsuldarlığını artırmalı olan “Ərzaq Təhlükəsizliyinin Gücləndirilməsi” proqramı üçün ayrılıb. Məqsəd idxaldan asılılığı azaltmaqdır. Göründüyü kimi, Qərb dövlətləri Ermənistana elə də ciddi maliyyə ayırmayıblar. Bununla yanaşı, erməni baş nazirin qarşısına çox ciddi tapşırıqlar və tələblər qoyulduğu da görünür. Məsələn, USAİD-in elan etdiyi iki proqram amerikalıların postsovet məkanından Rusiya Federasiyasını sıxışdırıb çıxarmaq, nəzarətedilən logistika yollarının yaranması, enerji bazarlarının ələ keçirilməsi strategiyasına tam uyğundur. Belə bir işi isə göründüyü kimi, Paşinyan dəyər-dəyməzinə peşkəş verib. Məlum olur ki, Rusiya-Ermənistan münasibətlərinin enerji sahəsində bir-birindən qopması üçün yol xəritəsi hazırlanıb. Nəzərə almaq və xüsusən vurğulamaq lazımdır ki, erməni dövlətinin bütün enerji sisteminə nəzarət və idarəetmə Kreml tərəfindən icra olunur. Qərb isə bu sahədə liderliyi ələ almaq niyyətini açıq-aşkar büruzə verir.

Pauerin Qarabağ ermənilərinə ayırdığı yardım da sadəcə gözə kül üfürməkdən başqa bir şey deyil. Bu məsələ artıq Ermənistanda da lağ mövzusuna çevrilib. Çünki adəti üzrə Pauer əvvəlcə bir məbləğ deyir, layihə reallaşanda isə dörd dəfədən az məbləğin verildiyi üzə çıxır. Hətta erməni siyasi kulislərində belə qeyd edirlər ki, Paşinyanın Samanta “bibi”si Qarabağ ermənilərinə nisbətən şəxsi fotoqraflarına daha çox pul ayırır.

Bilindiyi kimi, USAİD hər il Ermənistanda demokratiyanın inkişafına və 2018-ci il inqilabının dəyərlərinin qorunmasına 100 milyon dollar ayırır. Əslində isə vəziyyət getdikcə pisləşir. Rəsmi İrəvan mütəmadi olaraq suverenliyin qalıqlarını və milli dəyərlərini itirir. 2023-cü ildə USAID Ermənistandakı nümayəndəliyini genişləndirdi. Xüsusilə, Agentlik öz proqramlarını birbaşa olaraq Dövlət Departamentindən maliyyə alaraq seçkilərin keçirilməsinə nəzarət edən Beynəlxalq Demokratiya Təşkilatının strukturu vasitəsilə həyata keçirir. Beləliklə, USAID-in bu cür fəaliyyəti Ermənistanı Qərb nümunələri üzrə idarə olunan cəmiyyətə çevirmək planlarına mükəmməl uyğun gəlir.

Yaxın günlərdə isə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi baş nazirə yeni bir layihə göndərib. Layihəyə əsasən, ölkənin hava limanları, anbar kompleksləri, yol şəbəkələri uzunmüddətli, yəni 50-100 il müddətinə iqtisadi diversifikasiyanın bir hissəsi kimi investorlara icarəyə veriləcək. Brüssel görüşündən sonra belə bir layihənin ortaya atılması isə baş nazirin öhdəliklərindən birinin məhz bu olduğunu büruzə verir. Maraqlıdır ki, layihəyə əsasən, bundan sonra erməni dövləti yol və digər infrastrukturların təmiri ilə məşğul olmayacaq, bu işə icarədarlar cəlb ediləcək. Bununla da guya ən əsası, “regional logistika üzərində müvafiq müstəqil nəzarəti” təmin edəcək. Bəs əslində nə baş verəcək? Layihə təsdiqləndikdən sonra Ermənistandan keçən bütün yol və marşrutlar Qərb şirkətlərinin idarəsinə veriləcək. Bu isə onlara bir sıra layihələrə, xüsusən də Zəngəzur dəhlizinə nəzarəti verəcək. Artıq iki ilə yaxındır ki, Ermənistanın cənubunda Avropa İttifaqının müşahidə missiyası fəaliyyət göstərir. Bu missiya NATO-nun himayəsində deyilmi? Rəhbərləri kəşfiyyat işçiləri deyilmi?

Paşinyan tərəfdarları isə siyasi kulislərdə bu layihəni ciddi-cəhdlə dəstəkləyir, dövlət büdcəsinə külli miqdarda gəlir gətirəcəyi fikrini müdafiə edirlər.

Ermənistanda baş verən hadisələrin analizi sübut edir ki, Paşinyan Brüsseldə ABŞ və Aİ qarşısında daxili öhdəliklər də götürüb. Bu öhdəliklərdən biri də Rusiya ilə yaxın əlaqəsi olan bütün şəxslərin vəzifədən uzaqlaşdırılmasıdır. Bağlı qapılar arxasında baş nazirə bildirilib ki, vəsait və dəstək yalnız etibar etdikləri insanlara verilə bilər. Bu isə erməni siyasi elitasında Rusiyayönlü qanadın başı üzərində qara buludların toplaşmasından xəbər verir. Avropa İttifaqının bir sıra məmurlarının erməni təhlükəsizlik orqanları ilə bağlı ciddi narahatlıqları var və onlardan qurtulmaq tələb edilib. Bu sırada Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Edvard Asryanın adı qeyd edilir. Asryanla yanaşı isə ordudakı Rusiyanın nüfuzlu fiqurlarından qurtulmaq da şərtlərdən biridir.

Dünən isə müdafiə naziri Suren Papikyan “güclü” qərbyönlü islahatlara start verib. Komandirin şəxsi heyəti təbrik etdiyi vəziyyətlərdə “Ura!” təntənəli nidasının “Yaşasın!”a dəyişdirilməsini nəzərdə tutulur. Nazirlikdən bildirilir ki, bu, sovet ordusundan miras qalmışdı, lakin indi onu ləğv etmək qərara alınıb. Göründüyü kimi, Suren Papikyan artıq ilk addımı ilə Qərbdəki ağalara mesaj ötürərək, Kremllə bağlı bütün tələbləri yerinə yetirəcəyini göstərib.

Eyni zamanda daxili işlər nazirinin də dəyişdirilməsi tələbi var. Hakim partiyanın bir çox üzvü isə DİN müavini Arpine Sarkisyanın namizədliyinin əleyhinədir. Bununla belə, Arpinenin Aİ strukturları ilə müəyyən əlaqələri var və çox güman ki, vəzifəsini qoruyub saxlamaqla yanaşı, gələcəkdə nazirlikdə ən yüksək postu tutma şansı da var.

Göründüyü kimi, Brüssel görüşündə Paşinyanın götürdüyü bütün öhdəliklər əsasən Rusiyaya qarşı yönəlib. Yəqin ki, Kremldə bunlar analiz olunur və yaxın vaxtlarda sərt şimal küləyinin əsəcəyini ehtimal etmək olar...

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi