Azərbaycanın apardığı əks-hücum əməliyyatını Türkiyənin dəstəkləməsini bir çoxları həzm edə bilmir. Hətta bu ədalətli mövqeyi ləkələməyə çalışırlar. Halbuki uzun illərdir Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı siyasi-diplomatik danışıqlara dəstək verib. Münaqişənin həllinə yardım etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Rəsmi Ankara bütün çıxışlarda Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlarından Ermənistanın çıxmasını tələb edib. Bu ədalətli mövqeyinin təmin olunması üçün müxtəlif razılığa belə gəlib. Ancaq Türkiyəyə irəli sürdüyü şərtlərin təmin olunacağını vəd edənlərin avantüraları baş tutmayıb.
Hər halda 2009-cu il oktyabrın 10-da baş vermiş hadisəni yada salmaq istərdik. Həmin vaxt Türkiyənin xarici siyasət idarəsinə rəhbərlik edən Əhməd Davudoğlu ilə Ermənistanın keçmiş xarici işlər naziri iki ölkə arasında diplomatik münasibətlərin yaranmasına dair alt protokolu imzalamışdılar. Sənədə əsasən, tərəflər iki ölkə arasında ümumi sərhədin üç ay ərzində açılmasına, XİN-lərarası siyasi məsləhətləşmələrin başlamasına, eləcə də tarixi məsələlər üzrə dialoqların təşkil edilməsinə razılıq veriblər. Sənədin imzalanması üçün Türkiyə ilə Ermənistana İsveçrə vasitəçilik etmişdi. Sürixdə keçirilən imzalanma mərasimində ABŞ-ın o vaxtkı dövlət katibi Hillari Klinton, Rusiyanın XİN başçısı Sergey Lavrov və Avropa İttifaqının üzv dövlətlərinin siyasi xadimləri də iştirak etmişdi. Bu razılaşmaya ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də şahidlik və vasitəçilik ediblər.
Əslində, həmsədr dövlətlər Türkiyəyə Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarından çıxacağına boyun olmuşdular. Hətta siyasətə futbol diplomatiyası da qarışmışdı. 2009-cu il oktyabrında Ermənistanın o vaxtkı prezidenti Serj Sarqsyan Türkiyəyə səfər etmişdi. O, Türkiyənin keçmiş prezidenti Abdullah Güllə birlikdə Bursada iki ölkə millilərinin qarşılaşmasını izləmişdi. Ancaq ötən 11 il ərzində Türkiyənin sənədi imzalamaq üçün irəli sürdüyü şərtlərin heç birinə əməl edilməyib. Ermənistan işğalı davam etdirib, Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış edib, 1915-ci illə bağlı qondarma soyqırımı iddiasından əl çəkməyib və bu məsələni tarixçilər tərəfindən araşdırılmasına belə razılıq verməyib.
Deməli, indi Azərbaycana atəşkəs çağırışı edənlər ötən 30 ildə ermənilərin və Ermənistanın işğal etdikləri torpaqlardan çıxması istiqamətində bir addım belə atmayıblar. Mövcud olduğu 28 ildə isə ATƏT-in Minsk Qrupu işğal faktına seyrçi qalıb. Onun sakitliyi isə işğalçını arxayın salıb, iştahasını artırıb. Qarabağda separatçı ermənilərin atdıqları addımlar Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, itirilməsinə xidmət edirdi. İndi həmin qüvvələr Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa çağırmaqdansa, Türkiyənin ünvanına yalanlar yazır, Azərbaycan əsgərinin rəşadətini görməzdən gəlməyə səy edirlər.
Qarabağ münaqişəsinin həllində Türkiyənin obyektiv mövqe tutmasının çoxsaylı əsasları var. Azərbaycanla Türkiyə əhalisi etnik, dini, mədəni cəhətdən yaxın olması ilə yanaşı, həm də beynəlxalq təhlükəsizliyin təmin olunması üçün əməkdaşlıq edirlər. İqtisadi sahədə Azərbaycan və Türkiyənin əməkdaşlığını örnək göstərmək kifayət edir. Gürcüstanın bölgədəki layihələrə cəlb olunması regional təhlükəsizliyin təmini rolunda atılmış mühüm addımlardan sayıla bilər.
Nəhayət, Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana aid olduğunu ATƏT-in Minsk qrupuna daxil olan 12 dövlət heç vaxt inkar etməyib. Əgər həmin torpaqlar işğal edilməyibsə, o zaman Minsk qrupunun və həmsədrliyin yaranmasına nə ehtiyac var idi? İşğal faktı açıq-aşkar ortadadır. Beynəlxalq vasitəçilər də bu münaqişənin həllinə çalışacaqlarını vəd ediblər. Türkiyə onlardan fərqli olaraq üzərinə düşən məsuliyyəti yerinə yetirir. Belə çıxır, ədaləti müdafiə etmək suçdur? Həmin qüvvələr, başqa çıxış yolu tapa bilməyənlər ən pis seçimi edib - şərləyir, böhtan atır, iftira deyirlər. Azərbaycanın haqlı savaşı, Türkiyənin ədalətli mövqeyi beynəlxalq vasitəçilər tərəfindən bu davranışa məruz qalıb.