Süveyş kanalı əvəzinə Trans-Xəzər dəhlizi?

Süveyş kanalı əvəzinə Trans-Xəzər dəhlizi? "Nəqliyyat xətləri ölkə iqtisadiyyatının müxtəlif sahələrinin rəqabətcilliyini təyin edərək ölkənin beynəlxalq iqtisad əlaqələrindəki yerini xeyli dərəcədə müəyyənləşdirir"
Analitika
10 Aprel , 2021 16:53
Süveyş kanalı əvəzinə Trans-Xəzər dəhlizi?

Nəqliyyat xətləri ölkə iqtisadiyyatının müxtəlif sahələrinin rəqabətcilliyini təyin edərək ölkənin beynəlxalq iqtisad əlaqələrindəki yerini xeyli dərəcədə müəyyənləşdirir. Əksinə, nəqliyyat xətlərinin, o cümlədən tranzit dəhlizlərinin fəaliyyətindəki çətinliklər bütün iqtisadiyyata ciddi ziyan vurur.

Süveyş “tıxac”ının fəsadları

Bu deyilənləri Süveyş kanalında “Ever Given” konteyner gəmisinin saya oturması nəticəsində beynəlxalq nəqliyyat sisteminin iflic olması əyani şəkildə ortaya çıxardı. Misir hökuməti bu hadisə nəticəsində dəymiş ziyanı 1 milyard ABŞ dolları məbləğində dəyərləndiribsə, “Lloyd’s List” gəmiçilik şirkətinin hesablamalarına görə Süveyş kanalının bağlanması dünya ticarətinə saatbaşı 400 milyon dollara başa gəlib. Belə ki, Aralıq və Qırmızı dənizləri birləşdirən Süveyş kanalının payına dünya dəniz ticarətinin 12 faizi düşür.

Bu kimi halların bir daha baş verməməsi üçün kanalı genişləndirməyin vacibliyi irəli sürülsə də, bu qədər irimiqyaslı layihənin tez bir zamanda icra ediləcəyi müəmmalıdır. Hazırkı şəkildə 1869-cu ildə inşa olunaraq eni 350 m, dərinliyi 24 m olan kanalda tam həcmdı ikitərəfli hərəkət təmin etmək məqsədilə daha da genişləndirmək üçün hərəkəti dayandırmaq lazım gələ bilər ki, bunun hansı fəsadlara gətirib çıxaracağını izah etmək artıqdır.

Bütün bunları əsas gətirən ekspertlərin qənaətincə, son böhrana bənzər halların gələcəkdə də baş verməməsi üçün alternativ marşrutlara üz tutmaq daha məqsədəuyğundur: “Avropa ilə Asiya arasında ildə 1,5 trilyon dollardan artıq yük daşımaları olduğuna görə daşıma xətlərinin şaxələndirilməsi vacibdir”.

Trans-Xəzər dəhlizinin üstünlükləri

Sözsüz ki, bütün dünyada yeniyeni nəqliyyat dəhlizlərin müzakirəyə çıxarıldığı bir dövrdə 150 ildir fəaliyyət göstərən və artıq çəkdiyi yükə çətinliklə tab gətirən Süveyş kanalına alternativ yolların tapılması da labüd görünür.

Azərbaycanın mühümcoğrafi mövqeyi, qonşu ölkələrlə qarşılıqlı faydalı münasibətləri, ölkədəki siyasi və iqtisadi sabitliyin bərqərar olunması, nəqliyyat infrastrukturunun müasirləşdirilərək inkişaf etdirilməsi üçün görülən işlər ən mühüm beynəlxalq nəqliyyat hubuna çevrilməsi üçün hər cür əsas yaradır. O cümlədən Azərbaycan ilə Qazaxıstanın iştirak etdiyi, Gürcüstan, Türkiyə, Ukraynanın da tərəfdaş olduğu Trans Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR), yaxud Orta Dəhliz bu baxımdan böyük əhəmiyyət kəsb edir. Belə ki, TITR boyu Çin ilə Türkiyə və Avropa arasında “Nomad Express” konteyner qatarları vs. vasitələrlə yüklər daşınır. Ötən ilin dekabr ayından Türkiyədən TITR ilə Çinin Sian şəhərinə Azərbaycan üzərindən konteyner qatarları göndərilir. Bu marşrut başqalarına nisbətən sürət və qiymətlər baxımdan sərfəli olduğu üçün bazarda tezliklə rəğbət qazanıb. Belə ki, cəmi 16 gün ərzində bir başdan o biri başa çatan qatarlar razılaşmalara görə ayda iki dəfə yola salınır. Bu razılaşma cari ilin əvvəlindən Çində konteyner daşımalarının bahalaşmasına baxmayaraq dəqiq yerinə yetirilir.

Həmçinin pandemiya və onun iqtisadiyyatdakı fəsadları, Çinin ixracatının kəskin artması və idxalatının da azalması nəticəsində konteynerlərin gəmilərlə daşıma haqqı 1500-3000 dollardan 5-10 min dollaradək artdı. Belə bir vəziyyət TITR daha da rəqabətcil hala gəlib. Vaşinqtondakı Xəzər Siyasi Mərkəzin (Caspian Policy Center) icraçı direktoru Əfqan Niftinin fikrincə, dəniz daşımalarına alternativ olmaqdan savayı TITR həm də hava daşımalarından daha sərfəli, dəniz daşımalarından daha sürətli, habelə ekoloji baxımdan daha üstün yerüstü daşımalar variantını təqdim edir: “Şərq – Qərb dəhlizindən bəhrələnən Xəzər regionu bazarları ilə yanaşı TITR Şimal – Cənub istiqamətində ticarət əlaqələri üçün daha çox imkanlar yaradır”.

Azərbaycan qarşısındakı imkanlar

Şimal – Cənub dəhlizinin başqa marşrutlar, o cümlədən Süveyş kanalından keçən ənənəvi marşrut qarşısındakı üstünlüyü əvvəla, daşıma müddətinin 10 günədək azalması, yükdaşıma əməliyyatlarının qısalmasıdır. Rusiyalı ekspert Aleksandr Maksimovun qənaətincə, Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya, Şimali Avropanı bir-birinə bağlayan Şimal – Cənub dəhlizi çərçivəsində infrastrukturun inkişafı və təkmilləşdirilməsi ümumi inkişafa təkan verir, nəqliyyat məsrəflərini azaldır, humanitar əlaqələrinə də rəvac verir.

Bütövlükdə uzunluğu 7200 km-dək nəzərdə tutulan Şimal - Cənub dəhlizindən yük daşımalarının həcmi gələcəkdə 30 milyon tona çatdırıla bilər. Dəhlizdə yüklərin Trans Xəzər, şərq və qərb xətlərilə daşınacağı nəzərdə tutulur. Bunlardan birincisi Rusiya və İran limanları vasitəsilə Xəzər dənizindən keçir. Azərbaycan təriqilə keçən qərb xətti yüklərin İrandan Rusiyaya və əksinə yeni tikilmiş Astara – Astara bağlantısı vasitəsilə dəmir yolu ilə ötürülməsini ehtiva edir. Ekspertlərin fikrincə, dəhlizin üç xətti arasında ən sərfəlisi olan qərb xəttinə tələbat da vaxt keçdikcə artacaq.

TITR-ə gəlincə, onun potensialını daha dolğun üzə çıxarmaq, iqtisadi və istehsalat göstəricilərini təkmilləşdirmək üçün 2025-ci ilədək inkişaf strategiyası hazırlamaq qərarı verilib. Belə bir razılaşma TITR Beynıəlxalq Asosiasiyası İşçi Qrupunun bu yaxınlarda İstanbul iclasında əldə edilib. İclas zamanı marşrutun imkanlarından dolğun istifadə olunmasının, daşımalarının daha səmərəli hala gətirilməsinin, əlaqələndirmənin təkmilləşdirilməsinin vacibliyi qeyd olunub.

Xatırladaq ki, “ADY Container” MMC işgüzar tərəfdaşları ilə bir yerdə hələ cari ilin sonunadək Çin istiqamətində daha 50-dək konteyner qatarı yola salmağı nəzərdə tutur. Şübhəsiz, digər iştirakçı ölkələrlə yaxından əməkdaşlıq davam etdikcə bu və başqa hədəflər tezliklə yerinə yetəcək. Həm də Azərbaycan Avropaya enerji daşıyıcıları tədarükünə dair şərtləri dəqiq yerinə yetirərək iqtisadi əməkdaşlıqda etibarlı tərəfdaş olduğunu isbatlayıb.

Nuru Quluyev - ekspert

Son xəbərlər

Orphus sistemi