Rusiyalı politoloq: “Rusiyanın Qarabağ münaqişəsinə diqqət ayırması başqa vasitəçiləri də bu istiqamətdə səylər göstərməyə vadar edəcək” - ŞƏRH

Rusiyalı politoloq: “Rusiyanın Qarabağ münaqişəsinə diqqət ayırması başqa vasitəçiləri də bu istiqamətdə səylər göstərməyə vadar edəcək” - ŞƏRH “Danışıqlarda bu məsələyə yer ayırmaq həm Rusiyanın, həm də Azərbaycanın marağında olub”
Analitika
3 Sentyabr , 2018 17:05
Rusiyalı politoloq: “Rusiyanın Qarabağ münaqişəsinə diqqət ayırması başqa vasitəçiləri də bu istiqamətdə səylər göstərməyə vadar edəcək” - ŞƏRH

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Moskva Bakı ilə tərəfdaşlıq münasibətlərinə çox böyük önəm verir. Azərbaycan və Rusiya prezidentlərinin müxtəlif səviyələrdə görüşləri iki ölkə arasında dialoqun inkişafına böyük ehtiyac olmasından xəbər verir".

Bunu “Report”a Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında sentyabrın 1-də keçirilmiş Soçi görüşünü şərh edərkən ekspert Tofiq Abbasov bildirib.

“Həm Rusiya, həm də Azərbaycan Qafqaz – Xəzər regionunda daha sabit ab-havanın yaradılmasına real təsir göstərən mötəbər subyektlərdir. Biz hiss edirik ki, bu iki lider, bu iki dövlət müxtəlif risklərin və başqa problemlərin aradan qaldırılması üçün təkcə söz demir, həm də xeyli iş görürlər”, - deyə T.Abbasov vurğulayıb.

Ekspert həmçinin qeyd edib ki, Rusiya Azərbaycanla tərəfdaşlıq münasibətlərinə çox yüksək dəyər verir: “Rusiya Azərbaycanın, sözün tam mənasında, praqmatik və adekvat siyasət yürüdən ölkə olduğunu dərk edir və buna görə də həmin əlaqələrə dəyər verir”.

Ekspertin dediyinə görə, görüş zamanı tərəflər təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də diqqət yetiriblər. Ekspertin fikrincə, Dağlıq Qarabağ probleminin əhəmiyyətini nəzərə almaqla həmin məsələ çözüm məcrasına yonəldilir: “Ermənistan münaqişənin həllini gecikdirir. Bu ölkə tam iflic vəziyyətindədir, xüsusilə də hazırda ölkədə tam bir dərəbəyliyin hökm sürdüyü şəraitdə daxili ziddiyyətlərin mövcud olduğu siyasi elita aciz haldadır. Bu gün rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair konkret fikir söyləməyə cəsarət etmir. Bakı və Moskvanın isə ovqatına gəlincə, burada, təbii ki, həmin problemi aradan qaldırmağa səylər var”.

Rusiyanın Siyasi və İqtisadi Əlaqələr Agentliyinin aparıcı təhlilçisi Mixail Neyjmakov “Report”a bildirib ki, Rusiya və Azərbaycan prezidentlərinin bu görüşü 2017-ci ilin iyul ayından bəri ilk dəfədir ki, başqa mühüm tədbirlərlə əlaqəli şəkildə keçirilməyib.

Onun fikrincə, çox güman ki, prezidentlər məhz indi görüşməklə öz danışıqlarını bu ilin 18 sentyabrında Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının 73-cü sessiyasınadək bitirmək istəyirlər: “Orada bəzi iştirakçılar Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla Cənubi Qafqazın problemlərini gündəmə gətirmək niyyətindədir”.

İki ölkə prezidentinin görüşü zamanı imzalanan sənədlərə toxunan ekspert qeyd edib ki, iqtisadi əməkdaşlığın vüsət alması heç də həmişə böyük siyasi yaxınlığa gətirib çıxarmasa da, sözsüz ki, siyasi əməkdaşlıq üçün əlavə dayaq nöqtəsinə çevrilə bilər: “Vladimir Putin Şimal – Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin Rusiya üçün xeyli maraq kəsb etdiyinə işarə vurdu. Belə ki, görüşün nəticələrinə dair V.Putinin bəyanatında bu məsələyə xüsusi bənd ayrıldı".

Soçi görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələrə toxunan politoloq M.Neyjmakov münaqişəyə dair beynəlxalq vasitəçilərin, adətən, payızda fəallaşdığını diqqətə çatdırıb: “Soçi danışıqlarının nəticələrinə dair iki dövlət başçısının açıqlamaları, əsasən, iqtisadi məsələlərə həsr olunsa da, prezident İlham Əliyev müzakirə olunan məsələlər arasında Dağlıq Qarabağ münaqişəsinin də olduğunu xüsusi vurğulayıb. Danışıqlarda bu məsələyə yer ayırmaq həm Rusiyanın, həm də Azərbaycanın marağında olub. Rusiyanın bu problemin həllinə diqqət ayırması başqa vasitəçiləri də bu istiqamətdə səylər göstərməyə vadar edəcək”.

Son xəbərlər

Orphus sistemi