Rusiya səfiri Şuşanı ziyarət etdi, növbə kimindir? - ŞƏRH

Rusiya səfiri Şuşanı ziyarət etdi, növbə kimindir? - ŞƏRH Dost da, düşmən də Azərbaycanın haqlı davasını və onun nəticəsini qəbul edib.
Analitika
16 İyul , 2022 15:23
Rusiya səfiri Şuşanı ziyarət etdi, növbə kimindir? - ŞƏRH

Dost da, düşmən də Azərbaycanın haqlı davasını və onun nəticəsini qəbul edib.

Bir zamanlar orada halay vurub, rəqs edənlər, işğal altıda olan torpağa uzanaraq şəkil çəkdirənlər də bu gerçəyi etiraf etməkdədir. Ermənistan rəhbərliyi işğal altında 30 ilə yaxın saxladıqları torpaqların Azərbaycan ərazisi olduğunu danmır.

İndi yeni dövr və yeni şərait yaranıb. Azərbaycan öz torpaqlarını düşmənin tapdağından, izlərindən təmizləyir. İşğaldan azad olunan yerlərdə yurdlar dirçəlir, evlər tikilir, insanlar geri köçməyə hazılaşır. Bu baxımdan 2023-cü il böyük köçün başlanğıcı ola bilər.

Şuşa da işğaldan təmizlənən ərazilərdəndir. Orada 23 binadan ibarət yaşayış kompleksi tikilir. Qalaya 2023-cü ilin sonunda ilk köç ediləcək.

Bu, həmin ərazilərin Azərbaycana məxsusluğunun dünyaya bir daha isbatı olacaq.

Ötən müddət ərzində Şuşada bir sıra mədəni, ictimai, siyasi tədbirlər keçirilib.

Bu il martında Qalada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda qurumun rezident əlaqələndirici Vladanka Andreeva da iştirak edib. O, tədbirdə çıxışında qeyd edib ki, BMT Azərbaycanın verdiyi töhfələri, təşəbbüsləri yüksək qiymətləndirir: “Bundan sonra da Azərbaycanla fəal işləməyə davam edəcəyik”.

Keçmiş münaqişənin həllində və torpaqların işğaldan azad olnmasında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnamə az rol oynamayıb. Rəsmi Bakı ATƏT-in Minsk qrupu həmsədrlərindən də heç olmazsa işğalçını tanıyan belə bir sənədin qəbul edəcəyini 30 il gözlədi...

Torpaqlar işğaldan azad ediləndən sonra həmsədr ölkələrin Azərbaycandakı səfirləri isə əraziyə səfər etmədi. Onların bu sahədə susqunluğu və fəaliyyətsizliyi yada 30 ildə atılmayan addımları salır. Ancaq torpaqlar işğal altında olanda həmsədrlər İrəvandan Xankəndinə tez-tez səfərlər edirdilər. Hətta, oradakı separatçılarla görüşlər keçirirdilər. Ötən 1 il 8 ayda həmsədr dövlətlər ABŞ, Fransa və Rusiyanın səfirləri bir dəfə olsun işğaldan təmizlənən Şuşaya ayaq basmamışdı.

İyulun 15-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Şuşanı ziyarət etməklə bu tilsimi qırdı. BMT nümayəndəsinin və rusiyalı diplomatın bu addımını Azərbaycanın ərazi bütövlüyünə hörmətin təzahürü kimi də dəyərləndirmək olar.

ABŞ və Fransa liderlərinin rəsmi məktublarında və görüşlərində Avropanın enerji daşıyıcılarına olan tələbatının ödənilməsində Azərbaycanın fəaliyyəti yüksək qiymətləndirilir. Bunun mənası region və qlobal miqyasda sirr deyil. Ancaq Qərbin maraqlarının təmin olunmasında vacib rollardan birinin oynayan Azərbaycanın ərazi bütövlüyü və torpaqlarının işğaldan təmizlənməsinə ABŞ və Fransa səfirlərinin laqeydliyi anlaşılmazdır. Bu ölkələr Ukraynanın ərazi bütövlüyü və suverenliyi uğrunda Rusiya ilə qarşıdurmada olduqları halda işğaldan təmizlənmiş Azərbaycan torpaqlarına səfər etməkdən çəkinirlər.

Qeyd edək ki, hər iki ölkə həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Deməli, onlar Azərbaycan torpaqlarının azad olunması ilə bağlı qurumun qəbul etdiyi məlum qətnamələrin lehinə səs veriblər.

Beləliklə, Rusiya tərəfi 1 il 8 aydan sonra Şuşaya səfər etdi. Növbə keçmiş həmsədr ölkələrdən hansının səfirinindir?

Son xəbərlər

Orphus sistemi