"Report": Dolların möhkəmlənməsi ARDNF-in aktivlərini azaldacaq

"Report": Dolların möhkəmlənməsi ARDNF-in aktivlərini azaldacaq Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərində builki artım qlobal bazarda dolların ucuzlaşması ilə bağlıdır
Analitika
25 Oktyabr , 2017 17:05
Report: Dolların möhkəmlənməsi ARDNF-in aktivlərini azaldacaq

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri cari ilin yanvar-sentyabr ayları ərzində 2,873 mlrd. ABŞ dolları və ya 8,8% artaraq 36,02 mlrd. dollar təşkil edib.

"Report"un analitik qrupu bildirir ki, vəsaitlərin bu qədər artmasına əsas səbəb qlobal valyuta bazarında 2017-ci ilin ilk üç rübü ərzində dolların məzənnəsinin ucuzlaşması amili olub.

Xatırladaq ki, ARDNF-in investisiya portfelində dollar aktivləri 48,2% və ya 17,36 mlrd. dollara bərabərdir. Portfeldə həmçinin 10,64 mlrd. avro (34,8%), 1,355 mlrd. funt sterlinq (5%), 1,245 mlrd. dollarlıq qızıl və digər valyutalarda olan aktivlər (3,5%) var.

"Report"un analitik qrupu bildirir ki, hesabat dövründə ARDNF-in investisiya portfelində yer alan əsas valyutalardan Türkiyə lirəsi istisna olmaqla, bütün valyutalar dollarla müqayisədə bahalaşıb. Bu valyutaların bahalaşması nəticəsində Fondun investisiya portfeli, təxminən, 1,77 mlrd. dollar mənfəət əldə edib. Bununla yanaşı, ARDNF həmçinin istiqraz və səhmlər, habelə daşınmaz əmlakdan gəlir əldə edib. 

Analitik qrupun proqnozlarına görə, ARDNF-in ilk 9 ay ərzində fond birjalarında səhmlərdən gəliri 0,5 mlrd. dolları ötüb: "ARDNF-in səhm portfeli 13,7% və ya 4,93 mlrd. dollara ekvivalentdir. Fond birjalarında bu ilin əvvəlindən artım konservativ hesablamalarla 10% olub. Həmçinin 78% və ya 28 mlrd. dollarlıq istiqraz portfelinin orta hesabla 1% gəlirliliyini ehtimal etsək, bu investisiya növündən gəlirin, təxminən, 300 mln. dollar olduğunu görərik. Bu məbləğə, təxminən, 50 mln. dollara yaxın daşınmaz əmlakdan gəlirlər də əlavə olunmalıdır. Bütün sektor üzrə gəlirləri toplasaq, ilk 9 ayda ARDNF-in investisiya portfelinin gəliri 2,6 mlrd. dollar olub".

"Report"un analitik qrupu bildirir ki, dolların məzənnəsinin yaxın illərdə möhkəmlənməsi ehtimalının yüksək olduğunu nəzərə alsaq, ARDNF-in investisiya portfelinin azalacağı gözlənilir. Bununla yanaşı, Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsinə əsasən, ARDNF-in transfertinin 50%-ə yaxın artırılaraq 9,2 mlrd. manat və ya 5,4 mlrd. dollara yüksələcək ki, bu da valyuta ehtiyatlarının azalmasına səbəb olacaq.

Son xəbərlər

Orphus sistemi